"Müğənniyə 10-15 min manat verənləri tərbiyələndirmək lazımdır" - Şeyx Əbdül
    • 16-11-2023, 15:51
    • 3 969

"Müğənniyə 10-15 min manat verənləri tərbiyələndirmək lazımdır" - Şeyx Əbdül

“Bu gün Azərbaycan şou-biznesində oxuyanlar səsi olmayanlardır”.

News24.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında Xalq artisti, kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudbəyov deyib. 

“Hazırda çox danışan müğənnilər əmələ gəlib. Sanki bu bir sənayedir, biz də gecə-gündüz müğənni istehsal edirik. Bu gün ölkəmizdəki şou-biznesdəkilərdə Allah verdiyi simadan heç bir əlamət qalmayıb. Burun, dodaq, çənə, yanaq düzəldirlər, korsetlərlə sıxırlar əndam düzəldirlər, aşağı bir ölçüdə, yuxarı bir ölçüdə. Bunların məqsədi nədir? Nəyə xidmət edirlər?”

Xalq artisti indiki müğənnilərin musiqi təhsili olmamasından şikayətlənib:

“Aydın məsələdir ki, əsas səbəb gündəmdə olmaqdır. Axı bu ən eybəcər yollardır. Azərbaycanın nəhəng, dahi şəxsiyyətləri, sənət adamları olub. Onlar məgər bu yollarla tanınıblar? Xeyr, birmənalı şəkildə, öz sənətləri, mədəniyyətləri, əxlaq və estetikaları ilə gündəmdə qalıblar. Dünya səsdən, sözdən yaranıb. Oxumağın da şərti milyonların içində qeyri-adi səsinin olmasıdır. Necə ki Polad Bülbüloğlu, Rəşid Behbudov, Şövkət Ələkbərova, Müslüm Moqamoyev və bu kimi digər sənətkarlarımız oxuyanda seçilirdi ki, kimdir. Bugünküləri nə qədər dinləsən də, sabah yenidən soruşsan, yadda qalmır. Əksəriyyətinin sənəti, musiqi duyumu, musiqi təhsili yoxdur. Xalq da belələrini toyuna çağırır saatına 10-15 min pul verir. Artıq xalqın da müəyyən zümrəsini tərbiyə etmək lazımdır”.

Ə.Mahmudbəyov ölkəmizi dünya ölkələri ilə müqayisə edənlərə də münasibət bildirib:

“Deyirlər ki, dünyanın bir çox ölkəsində açıq-saçıq geyinilir. Bizim düşüncəmizdə ən açıq-saçıq olan fransızlar bu gün də rəsmi dövlət televiziyalarında sinəsi və qolu açıq insanları efirə buraxmırlar. Biz Avropa barədə bizə təqdim olunan “TikTok”da və bu kimi sosial şəbəkələrdə gördüklərimizdən çıxış edərək danışırıq, amma əsl Avropanı tanımırıq. Ona görə də belə düşüncələr formalaşır”.