Prorektoru belə öldürmüşdülər...
    • 16-11-2023, 23:49
    • 366

Prorektoru belə öldürmüşdülər...

Xəbər verdiyimiz kimi, "Təfəkkür” universitetinin prorektoru Tariyel Əhmədovun qətlinə görə həmin təhsil müəssisəsinin rektoru vəzifəsində işləmiş, hazırda isə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru olan Müşfiq Atakişiyev də həbs olunub. Onun Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində prorektoru öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib. 

News24.az xəbər verir ki, "Qafqazinfo” bu məqamda 12 il əvvəlki qətlin təfərrüatını xatırladır.

Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da evinin yaxınlığında  qətlə yetirilib. Belə ki, idman kompleksində Tariyel Əhmədovun başına küt alətlə vurulan zərbə nəticəsində onun kəllə sümüyü sınıb, beyin zədələnməsi nəticəsində dünyasını dəyişib. 

Hadisə səhər saatlarında, Tariyel Əhmədov idman formasında məşq eləyən zaman baş verib. Onun meyiti Yasamal rayonu, Şərifzadə küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının qarşısındakı idman meydançasında aşkar edilib.

Maraqlıdır ki, Əhmədovlar ailəsi hadisənin ilk illərindən bu yana qətlə görə məhz Müşfiq Atakişiyevi ittiham edirdi. Mərhumun oğlu Zaur Əhmədovun bununla bağlı dövrü mətbuata dediklərini xatırlayaq:

"Bu səbəbsiz deyil. Atam qeyd etdiyim kimi Universitetin həmtəsisçilərindən biri idi. Öldürülməsəydi, növbəti ildə həmtəsisçilər arasında razılığa görə rektor olmalı idi. Qətlin baş verməsinin səbəblərindən biri bax budur.

Atam qətlə yetiriləndən sonra M.Atakişiyev məni yanına çağırıb bildirdi ki, sizə atanın payına görə 78 min manat, yəni o dövrün kursuna uyğun olaraq 100 min dollar pul verəcəm.

Mən razılaşmadıqda bildirdi ki, get fikirləş, bu işin arxasında çox güclü bir fiqur dayanır. Sonradan anama da deyib ki, uşaqlarına yazığın gəlsin. Həmin vaxtda Bakı şəhərində adi bir köşkün qiyməti 100 min manatdan yuxarı idi. Bu halda hansı bir ağıllı insan uzun illər ərsəyə gələn, beynəlxalq aləmdə tanınan universitetdəki 33 faizlik payını 78 min manata satar? Onun yüksək vəzifəli şəxslərin adını hallandırması anamı qorxuya salmışdı. Ona görə də verilən cüzi məbləğlə razılaşıb paydan imtina etmişdi”.

Qeyd edək ki, 16 sentyabr 2011-ci il tarixdə 1942-ci il təvəllüdlü Tariyel Əhmədovun yaşadığı binanın yaxınlığında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb. 12 il sonra isə prorektoru öldürməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Belə ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən birgə həyata keçirilən tədbirlər nəticəsində 12 il əvvəl törədilərək bağlı qalmış xüsusilə ağır cinayətin açılması təmin edilib.

Həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla 1977-ci il təvəllüdlü Dəyanət Quliyevin tamah məqsədi ilə Tariyel Əhmədova küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu gün isə həmin qətlə görə daha 2 şəxs məsuliyyətə cəlb edilib. Birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Müşviq Atakişiyevin sifarişçi, Samir Quliyevin isə qətlin icraçısı kimi qolları qandallanıb.