-
- 16-11-2023, 11:36
- 723
Prorektorun qətlini sifariş edən rektor kimdir? - DOSYE
Xəbər verildiyi kimi, “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyev təhsil müəssisəsinin prorektoru Tariyel Əhmədovun qətlini sifariş verən şəxs olduğu məlum olub. Müşviq Atakişiyev Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində qalmasına maneə kimi qəbul etməsi səbəbindən bu əməli törədib.
News24.az Müşviq Atakişiyevin dosyesini təqdim edir:
Atakişiyev Müşfiq Cəmil oğlu 22 aprel 1966-cı ildə İmişli rayonun Ağaməmmədli kəndində anadan olub. Orta təhsilini orada bitirdikdən sonra, Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub. 1990-cı ildə həmin institutun "İqtisadçı mühəndis" fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, ali təhsilini başa vurduqdan sonra, təyinatla həmin fakültədə təcrübəçi saxlanılıb.
Elmi fəaliyyətini davam etdirərək 1996–cı ildə "Neft qaz quyularının istehsal gücündən istifadənin səmərəliliyinin artırılmasının ehtiyat mənbələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1996-cı ildən "Neft və Qaz Sənayesinin İqtisadiyyatı" kafedrasında dosent vəzifəsində fəaliyyət göstərib. 1999-cu ildə "Neftçıxarmada istehsal potensialından istifadənin iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
2005-ci ildən Azərbaycan Ali Attestasiya komissiyasının qərarı ilə professor adına layiq görülüb. 2008-2010 illərdə Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert komissiyasının sədri olub. AMEA İqtisadiyyat İnstitutunda fəaliyyət göstərən dissertasiya şurasının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 07 aprel 2023-cü il tarixli 3-50/3-1-1-53/2023 nömrəli əmri ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu nəzdində İqtisad elmləri sahəsində -ED 1.10 nömrəli doktorluq dissertasiya şurasının sədri olub.
AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru vəzifəsində də çalışıb. AMEA İqtisadiyyat İnstitutunun "İqtisadi Artım və İctimai Rifah" jurnalının baş redaktor müavini olub.
Müşfiq Atakişiyev 90-a yaxın elmi metodik əsərlərin, 15 monoqrafiyanın müəllifidir.
Təhsil sahəsindəki fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının fəxri fərmanları ilə təltif olunub. 2006-cı ildə isə Yeni Təhsil Sisteminin təkmilləşdirilməsində xidmətlərinə görə "Demokratik Azərbaycanlılar" İctimai Mərkəzinin Təşkilat Komitəsi tərəfindən "Qızıl Buta" Müstəqil Milli Mükafatına layiq görülmüşdür.
2010-cu ildə Elm, maarifçilik, mədəniyyət və informasiya sahəsində xidmətlərinə görə "Bilik" Maarifçilik,Mədəniyyət və İnformasiya Mərkəzi tərəfindən Akademik Yusif Məmmədəliyev adına medalla təltif olunmuşdur.
Ailəlidir, 2 övladı var.