İkiüzlü Qərbin - erməni sevgisi

İkiüzlü Qərbin - erməni sevgisi Siyasət

Son zamanlar Qərbin Azərbaycana qarşı ritorikasının getdikcə sərtləşdiyini görürük.

ABŞ Konqresində qısa müddətdə ölkəmiz əleyhinə ikinci dəfə keçirilən “Qarabağ dinləmələri”, orada Azərbaycanın ünvanına səslənən qərəzli və əsassız fikirlər, böhtan və ittihamlar, erməni separatizminə davam edən dəstək fonunda Azərbaycan ABŞ-ı daha neytral vasitəçi qismində görmədiyi üçün noyabrın 20-də Vaşinqtonda XİN səviyyəsində görüşdən imtina etdi.

Maraqlıdır, Avropa İttifaqından  sonra hazırda Amerikanın qərəzli münasibət və təzyiqləri hara qədər davam edəcək? Mövcud gərginlik əlaqələrin qırılmasına, belə olduğu halda ABŞ-nin belə birtərəfli yanaşması vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilərmi?

Mövzu ilə bağlı piolitoloq Ərəstun Oruclu News24.az-a danışıb.

 

O bildirib ki, hazırda Azərbaycana qarşı təkcə qərbdən deyil, Rusiyadan da təzyiqlər var.

“Sadəcə olaraq bu, pərdəarxasıdır və görünmür. Əgər Rusiya Qarabağın dağlıq hissəsindən silahlı qüvvələrini çıxarmaq istəmirsə, ölkə rəsmi şəkildə onların 2025-ci ilə qədər qalmalı olduğunu bildirirsə, bu, artıq təzyiqdir. Hətta bəzi məlumatlar da formalaşdırırlar ki, 2030-cu ilə qədər də qala bilər. Sual olunur ki, niyə? Məsələ burasındadır ki, Azərbaycan Qarabağın dağlıq hissəsinə də nəzarəti bərpa etməklə faktiki olaraq xarici qüvvələr o cümlədən qərbin bölgəyə müdaxilə imkanlarını məhdudlaşdırdı. Qərb ölkələri və Rusiya bundan qıcıqlanırlar. Onlar çalışır ki, sülh danışıqları vasitəsilə öz geosiyasi maraqlarını təmin etsinlər. Amma bu, nə Azərbaycanın, nə də Ermənistanın maraqlarına cavab verir”.

Onun sözlərinə görə, Azərbaycan fəal şəkildə vasitəçilikdən yayınmağa çalışır. 

“Azərbaycan Vaşinqton və Brüsselin vasitəçəliyindən yayınır. Ermənistan isə Rusiya ilə münasibətlərinin koranması fonunda sözügedən ölkənin vasitəçiliyini istəməyəcək. Belə olduğu halda isə tərəflər yalnız birbaşa sülh danışıqları aparmağa başlayacaqlar. Yaxud da hər hansı bir iddiası olmayan neytral ölkənin vasitəsilə həyata keçiriləcək. Məlum olduğu kimi, burada Gürcüstan seçilib. Bununla bağlı özəlliklə Azərbaycan tərəfindən bəyanatlar da olub.  Bu istiqamətdə Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü də gerçəkləşib. Bu, qərb tərəfindən ölkəmizə qarşı artan təzyiqlərin başlıca səbəblərindəndir. Digər bir məsələ isə Azərbaycanın Rusiyanın bir tərəfdaşı kimi görünməsidir. Belə bir görüntü formalaşıb və ən əsası bunu bu cür təqdim etmək istəkləri də var. Hesab edirəm ki, təzyiqlər artmağa davam edəcək. Çünki Azərbaycan tərəfi də görüşlərdən imtina etdi. Hazırda situasiyada vəziyyət arzuolunan səviyyədə deyil. Ola bilsin ki, bu, ABŞ tərəfindən tətbiq ediləcək sanksiyalara qədər gedib çıxsın”.

 

ABŞ Dövlət Departamentinin diplomatı, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi James O’Brien Konqresdəki dinləmələrdə çıxış edib və Azərbaycan haqqında sərt tənqidlər səsləndirib.

James O’Brien deyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi əldə edilməyənədək, Azərbaycanla münasibətlər əvvəlki səviyyədə olmayacaq.

 

Türkiyənin sabiq deputatı İstanbul Ticarət Universitetinin professor Mustafa Ilıcalı mövzu ilə bağlı münasibət bildirib. 

 

“ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin iclasında ABŞ-dan Azərbaycana hərbi yardımı dayandırdığını açıqladı.

“Qərb hər fürsətdə Türkiyə və Azərbaycana qarşı açıq şəkildə ittihamçı mövqe sərgiləməkdən çəkinmir. Makron tərəddüd etmədən göstərir ki, Fransa Ermənistanın tərəfindədir. 

Bunun səbəblərindən biri Fransada böyük erməni icmasının olması faktıdır”, - o deyib.

M.Ilıcalı vurğulayıb ki, bəyanatlar Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatda mühüm əhəmiyyət kəsb edir.

“Bu, “münasibətlərə zərbə” və Azərbaycana qarşı ittihamlar kimi qiymətləndirilir.

Əsassız olduğu vurğulanan bəyanatda, ABŞ regiondan kənar bir ölkə olaraq hərəkətə keçdi və o, açıqlamaları ilə region ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərini baltalayır”.

O hesab edir ki,  Azərbaycanın ədalətli mübarizəsini ədalətsiz kimi təqdim etmək bu ölkələrin nə qədər qərəzli olduğunun konkret göstəricisidir: “Biz Azərbaycanla, iki dövlət, bir millət olaraq yanında olacağıq, haqsızlığa qarşı mübarizəmizi davam etdirəcəyik”.

Ayşən Rəhim