Azərbaycanda şəhidin xanımına qarşı İYRƏNC cinayət
    • 30-11-2023, 21:18
    • 926

Azərbaycanda şəhidin xanımına qarşı İYRƏNC cinayət

Gədəbəy rayonunda olan Birinci Qarabağ müharibəsi şəhidi, OMON-çu Mehman Alıyevin həyat yoldaşı dələduzluqla üzləşib.

News24.az Publika.az-a istinadla bildirir ki, şəhidin Gədəbəy rayonunda yaşayan və rayon xəstəxanasında xadimə işləyən həyat yoldaşı Tünzalə Alıyevaya həyat yoldaşının şəhid olmasına görə ödənilən məbləğ bir qru şəxs tərəfindən ələ keçirilib.

Belə ki, bir müddət əvvəl Asəf və Famil adlı şəxs Tünzalə Alıyevaya zəng edərək həyat yoldaşının şəhid olmasına görə ona pul ödəniləcəyini və bəzi sənədləri toplamalı olduğunu bildiriblər. Asəf Gədəbəy rayonuna gedərək özünü bank əməkdaşı kimi təqdim edib və qadından sənədləri istəyib. O, Tünzalə Alıyevaya kartına 3-4 min manat pul yığıldığını bildirib. Maddi vəziyyəti yaxşı olmayan qadın buna sevinərək sənədləri toplayıb və Bakıya gəlib.

O, Şamaxinka adlanan ərazidə sənədləri Asəfin yanında gəlmiş Famil adlı şəxsə təqdim edib, həmçinin Familin adına etibarnamə verib. Bundan sonra şəhidin adına olan karta toplanmış 30585 manat pul nağdlaşdırılıb. Famil həmin puldan şəhidin ailəsinə 3 min manat göndərib. əvvəlcə məbləğdən xəbərsiz olan Tünzalə Alıyeva xeyli vaxt sonra hadisədən xəbər tutub və Asəf və Familə zəng edərək yerdə qalan 27 min manata yaxın pulu tələb edib. Lakin bu müddət ərzində onlar qadına yalnız 400 manat göndəriblər.

Şəhidin adına toplanmış pulları ala bilməyən qadın nəhayət polisə müraciət edib və Famil barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə iş açılıb.

Cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılıb. Məhkəmənin hökmündə bildirilib ki, cinayətin törədilmə vaxtından xeyli keçdiyi üçün Famil cinayət məsuliyyətinə cəlb edilə bilməz, lakin məhkəmə mülki iddianı qismən təmin edib.

Neftçala rayon sakini olan 1962-ci il təvəllüdlü, keçmiş müharibə iştirakçısı Famil A-dan maddi zərərə görə 26600 manat, mənəvi zərərə görə 1000 manat tutularaq mülki iddiaçı Tünzalə Alıyevaya ödənilməsinə qərar verilib.

Qeyd edək ki, məhkəmə prosesi bu həftə başa çatıb.