"Qəzzanı müdafiə etmək Məkkəni, İstanbulu müdafiə etməkdir" - Ərdoğan
    • 4-12-2023, 17:41
    • 174

"Qəzzanı müdafiə etmək Məkkəni, İstanbulu müdafiə etməkdir" - Ərdoğan

"Fərqli ambisiyaları güdən İsrail idarəçilərinə bir daha xatırlatmaq istərdim ki, Qəzza Fələstin torpağıdır, Qəzza fələstinlilərindir və əbədi olaraq belə qalacaq".

News24.az xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin 39-cu Nazirlər Sessiyasının Açılış Proqramında çıxış zamanı deyib.

Ərdoğan bildirib ki, Birləşmiş Millətlər Təşkilatı hətta öz işçilərini İsrailin hücumlarından qoruya bilmir:

"Qəzzada şəhid olan hər 3 nəfərdən 2-si uşaq, körpə və qadındır. İtkin düşən qəzzalıların sayı 6500-ü keçib. İsrail təqiblərinin qurbanları arasında 73 jurnalist və 100-dən çox BMT rəsmisi var. Elə bir vəziyyətdir ki, qlobal təhlükəsizliyi və sülhü qorumaq üçün yaradılmış Birləşmiş Millətlər Təşkilatı hətta öz işçilərini qoruya bilmir. Avropadan Amerikaya qədər insan hüquq və azadlıqlarını müdafiə edən qüvvələrin acizliyi daha da pisdir. Bu ölkələr İsrailə sözün əsl mənasında qeyd-şərtsiz dəstək verirlər ki, daha çox uşaq öldürülsün, xəstəxanalar, məktəblər, evlər vurulsun, daha çox günahsız qan tökülsün".

Ölkə lideri bildirib ki, Qəzzanın yenidən qurulması üçün hazırlıqlara indidən başlamalıyıq:

"Qəzza Fələstin torpağıdır, Qəzza fələstinlilərə məxsusdur və əbədi olaraq belə qalacaq. İslam dünyası olaraq bizim borcumuz Qəzzanın bir qarış torpağını belə İsrailə verməməkdir. Biz bunu təkcə Qəzzalı və Fələstinli qardaşlarımız üçün deyil, həm də öz təhlükəsizliyimiz və ərazi bütövlüyümüz üçün etməliyik. Biz çox yaxşı bilirik ki, bu gün Qəzzanı işğal edənlər sabah gözlərini başqa yerlərə dikəcəklər. Əslində, artıq bu niyyətlərini gizlətməyə belə ehtiyac duymurlar. Qəzzanı və Fələstini müdafiə etmək Qüdslə bərabər Məkkə, Mədinə, İstanbul, Dəməşq, Beyrut, Bağdad və digər İslam torpaqlarını müdafiə etmək deməkdir".

Qumral