Azərbaycanlı blogerlər kirli pulları "TikTok"da yuyur?

Azərbaycanlı blogerlər kirli pulları "TikTok"da yuyur? Sosial

Hər hansısa çirkli pulları yumaq istəyən şəxs çox böyük miqdarda "Influencer"ə (tiktokerə) rəsmi köçürmə edir. Daha sonra həmin "influencer" də aldığı ödənişin bir hissəsini ödəyənə geri qaytarır. Azərbaycan seqmentində də "TikTok" yayımlarında yüz minlərlə dollar dövr edir. Bəzi iddialara görə, Azərbaycanda da "TikTok" vasitəsilə çirkli pullar yuyulur. Bəs səsləndirilən iddialar əsaslıdırmı?

Mövzu ilə bağlı News24.az-a danışan İT üzrə mütəxəssis Elvin Abbasov bildirdi ki, Azərbaycanda kirli pulların "Influencer"lər üzərindən yuyulması ehtimalı hələki yoxdur:

"Kirli pulların yuyulması bütün ölkələrdə dövlət imtiyazları ilə tənzimlənir. Dövlət hansı sektora imtiyaz verirsə, həmin sektorun üzərindən kirli pulların yuyulmasına çalışırlar. Azərbaycanda bu istiqamətdə, yəni "influencer" üzərindən kirli pulların yuyulması prosesi indiyədək baş verməyib. Başqa ölkələrdə bu halın yaşanması isə "influencer"lərə uyğun münasib dövlət imtiyazının yaranması ilə bağlıdır. İmtiyazların hər biri dələduzlar üçün kirli pulların yuyulması üçün fürsət olur. Ehtimal vermirəm ki, Azərbaycanda  "Influencer"lər üzərindən kirli pulların yuyulması baş versin. Çünki hələki Azərbaycanda "influencer"lərin legitimliyi yoxdur və bu, sektor kimi mövcudluğu formalaşmayıb". 

Millət vəkili Ceyhun Məmmədov isə bildirdi ki, bu məsələləri müvafiq dövlət qurumları araşdırmalıdır:

"Müvafiq qurumlar bu məsələləri faktlar əsasında araşdırdıqdan və həmin araşdırmalar nəticəsində müəyyən addımlar atmalıyıq. Ümumiyyətlə, hesab edirəm ki, sosial şəbəkələrdə baş verən proseslərə nəzarət gücləndirilməldir. Davamlı olaraq qabaqlayıcı tədbirlər görülməlidir. Bu gün sosial şəbəkələr vasitəsi ilə təxribatlar da mümkündür, müxtəlif addımların atılması da mümkündür. Bu məsələlərə həssas yanaşmalıyıq".

Qeyd edək ki, Türkiyədə dəbdəbəli həyat tərzi ilə diqqət çəkən bloqer və "influencer"lər uzun müddətdir nəzarətdədir. Artıq bir neçə cütlük çirkli pulların yuyulmasında iştirak etdiyinə görə həbs edilib. 

Qumral Əliyeva