Yanlış qidalandırma körpə ölümünə səbəb ola bilər – Tanınmış pediatrdan mühüm açıqlama
Sosial
Bu gün səhər saatlarında 2 aylıq körpənin qidadan boğulması ilə bağlı yayılan xəbər cəmiyyətdə ciddi narahatlıq doğurub. Hadisə ilə bağlı araşdırmalar davam etsə də, baş verənlər valideynlər və ictimaiyyət üçün mühüm suallar yaradır: Körpələr hansı hallarda qidadan boğula bilər və onların düzgün qidalanması necə təşkil olunmalıdır? Təəssüf ki, bir çox valideynlər körpələrin erkən aylarda qidalanma qaydaları və davranış xüsusiyyətləri barədə yetərli məlumata malik deyillər. Məhz bu səbəbdən körpələrin qidalanması zamanı yol verilən sadə səhvlər ağır fəsadlara gətirib çıxara bilər.
Məsələ ilə bağlı News24.az-a açıqlama verən tanınmış pediatr Vaqif Qarayev bildirib ki, 2 aylıq körpələr yalnız ana südü və ya süni uşaq qidası – “smes” ilə qidalanmalıdır. Onun sözlərinə görə, ilk növbədə, körpənin ana südündən, yoxsa süni qidadan boğulduğu dəqiqləşdirilməlidir.
Pediatr qeyd edib ki, körpə ana südü ilə qidalanırsa, əmizdirildikdən dərhal sonra yatağa qoyulması boğulma riskini artıra bilər:
"Bu halda körpə qəbul etdiyi südü qaytara bilər və südün nəfəs yollarına düşməsi boğulmaya səbəb ola bilər. Məhz bu səbəbdən analara hər qidalanmadan sonra körpəni başı ananın sinə hissəsində olmaqla təxminən 10-15 dəqiqə dik vəziyyətdə gəzdirmək tövsiyə olunur. Bu, qəbul edilən qidanın mədədə daha rahat həzm olunmasına şərait yaradır".

Vaqif Qarayevin fikrincə, böyük ehtimalla sözügedən hadisədə körpə ana südü ilə qidalandıqdan sonra südü qaytarıb və nəticədə süd tənəffüs yollarına keçərək boğulmaya səbəb olub:
"Digər halda, yəni körpə “smes”lə qidalandırıldıqda da qidanın tənəffüs yollarına düşmə riski var".
Pediatr bildirib ki, bu zaman əsas risk faktorlarından biri əmziyin deşiyinin normadan böyük olmasıdır:
"Əmziyin deşiyi böyük olduqda körpə normadan artıq qida qəbul edir ki, bu da boğulma ehtimalını artırır. Adətən əmziklərin deşikləri körpənin ana südü ilə qidalanma tempi nəzərə alınaraq istehsal olunur. Lakin bəzi valideynlər əmziyin deşiyini özləri böyüdürlər ki, bu da təhlükəli hesab olunur".
Vaqif Qarayev vurğulayıb ki, ananın döşü körpənin tanıdığı və uyğunlaşdığı yeganə qidalanma mənbəyidir, digər vasitələr, o cümlədən əmziklər süni xarakter daşıyır. Nəticə etibarilə, 2 aylıq körpələrdə boğulma hallarının əsas səbəbi qəbul edilən südün tənəffüs yollarına keçməsi ilə bağlı olur.