-
- 15-12-2023, 10:55
- 230
İlham Əliyev Qarabağ Universitetindən DANIŞDI
Vətən müharibəsindəki parlaq qələbəmizdən dərhal sonra azad olunmuş ərazilərimizdə ən müasir standartlarla tikilən məktəblər artıq fəaliyyətdədir.
News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları oxuyurlar.
"Yeni yaradılan Qarabağ Universiteti isə, şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaqdır” – İlham Əliyev vurğulayıb.
"Ötən dövrün dolğun təhlilini apararaq təhsil sahəsində strateji məqsədlərə nail olmaq və Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulmuş hədəflərə çatmaq əzmi ilə ali məclisinizin ətraflı müzakirələr şəraitində mühüm qərarlar qəbul edəcəyinə və ölkənin intellektual potensialını təhsildə dayanıqlı inkişaf naminə sıx birləşdirəcəyinə əminəm.
İnanıram ki, xalqımıza Zəfər sevinci yaşadan igid və qəhrəman övladlarımızın formalaşması naminə müstəsna əmək sərf etmiş fədakar müəllimlərimiz gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda böyümələri üçün var qüvvə ilə çalışacaqlar", - deyə dövlət başçısı əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidentı İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb.
Sərəncama görə, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.
Həmçinin Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini, eləcə də Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.