-
- 18-12-2023, 20:25
- 293
İş yerlərinin ətrafında pulsuz parkinq mümkündürmü? – RƏSMİ AÇIQLAMA
Bakıda parkinq xidmətləri rəsmiləşdikdən və Tarif Şurası tərəfindən bu xidmətin qiyməti müəyyən edildikdən sonra avtomobil sahiblərini daha çox narahat edən məsələlərdən biri budur: İş yerlərini ətrafında ödənişsiz və ya güzəştli parkinq mümkündürmü?
Çünki şəhərin 1-ci zonasında avtomobili iş saatı müddətində park etmək ən azı 8 manat edir ki, bunu da ay ərzindən iş günlərinə hesablayanda böyük rəqəm alınır.
Məsələ ilə bağlı “Yeni Sabah” Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edib. Qurumdan verilən cavabda bildirilir ki, Nazirlər Kabineti tərəfindən parklanma yerinin idarə edilməsi ilə bağlı qəbul edilən qaydalar həm tariflərin özünü, həm şəhərin tarif zonalarını müəyyən edir:
“Parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər mobil tətbiq və sms vasitəsilə, yalnız nağdsız qaydada həyata keçirilir.
Parklanmanın idarə edilməsi, o cümlədən ödənişli parklanmanın təşkili tələb və təklifin tənzimlənməsi baxımından çox vacib amildir. Ödənişli parklanma həm də çəkindirici element hesab olunmaqla insanların gündəlik səyahətlərdə şəxsi minik avtomobillərindən imtina etməsinə və alternativ nəqliyyat növlərinə üz tutmasına kömək edir. Bu da şəhərdə nəqliyyat tələbinin idarə edilməsi və tıxacların azalmasına müsbət təsir göstərir.
Bu səbəbdən dünya təcrübəsinə baxdığımız zaman görürük ki, iş yerlərində şəxsi minik avtomobilləri ilə gələn vətəndaşlara hər hansı güzəştlərin edilməsi yanaşması yoxdur.
Qanunvericilikdə idarə və təşkilatların ətrafında yaradılan ödənişli parklanma yerlərindən həmin qurumların əməkdaşlarının ödənişsiz istifadəsilə bağlı güzəşt nəzərdə tutulmayıb.
Təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər.
Fərdi parklanma talonu əldə edən sakinlər bütün gün boyu yaşadıqları ünvanlara yaxın ərazilərdə onlar üçün ayrılmış parklanma məntəqəsində avtomobillərini ödənişsiz park edə bilirlər”.