Parklanmaya görə ödənişlər nağdsız həyata keçiriləcək- AYNA
    • 17-07-2023, 17:06
    • 375

Parklanmaya görə ödənişlər nağdsız həyata keçiriləcək- AYNA

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iyunun 25-də nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğini təsdiq edib. Yeni qaydalar qərarın imzalandığı gündən 30 gün sonra, yəni iyulun 25-də qüvvəyə minəcək.

News24.az yeni qərar ilə bağlı paytaxt sakinlərinin və ekspertlərin fikirlərini öyrənib.

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, “Qiymətlər şəhərin mərkəzində 1 saat üçün 1 azn təşkil edir. Şəhərin mərkəzindən uzaqlaşdıqda isə xidmət haqqı aşağı düşür. Yeni qərarda həmçinin, özəl və qeyri-özəl olmaqla hər birində parklanmanın ilk 15 dəqiqəsi pulsuz olacaq. Bunu özəl parklanma yerləri də bilməlidir ki, vətəndaşların hüquqlarını pozmasınlar”. 

Ekspert onu da əlavə edib ki, bu gün şəhərin mərkəzinə 1 dəqiqəlik daxil olan sürücüdən 1 manat ödəniş tələb edirlər: “O bildirib ki, bu, qanunsuzdur və həmin parklanma yerləri dövlət qurumları tərəfindən yüksək məbləğdə cərimə oluna bilər".

Parklanma üçün ödənişə gəlincə, bu, mobil tətbiq, parkomatlar və ya ödəmə terminalları vasitəsilə həyata keçirilə bilər: "Vətandaş üçün bunun heç bir fərqi yoxdur, əsas odur ki, effektli olsun. Sistem tam avtomatlaşdırılandan sonra ola bilər ki, parklanma nəzarətçilərinin sayı azalsın”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, parklanmaya görə qanunsuz pul yığımının qarşısının alınması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulub: “İlkin mərhələdə müvafiq əməkdaşlar və könüllülər sürücülərə yeni sistemdən istifadə qaydalarını izah edəcəklər.  Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında Qərarı dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərində parklanmalara görə ödənişin edilməsini tənzimləyir.

Sözügedən qərar dövlət avtomobil yollarının tərkibinə daxil edilən sahələrdə təşkil olunan küçə parklanma yerlərinə aiddir”.

Müxbir: Nərmin Murad
Video: Nicat Niftəliyev