Qarabağ Universiteti üçün nə qədər plan yerləri ayrılıb?
    • 20-12-2023, 23:10
    • 572

Qarabağ Universiteti üçün nə qədər plan yerləri ayrılıb?


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq, Xankəndidə Qarabağ Universiteti yaradılıb. Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirilən brifinqdə Qarabağ Universitetində 16 ixtisasın tədris olunacağını bildirib.

Nazir deyib ki, universitetdə ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, qida mühəndisliyi, şəhərsalma, inşaat mühəndisliyi, beynəlxalq münasibətlər, regionşünaslıq, tarix, kommunikasiya və rəqəmsal media, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə-marketinq, menecment, mühasibat, turizm işinin təşkili və turizm bələdçiliyi ixtisasları tədris olunacaq.

Tələbə qəbulu ilkin plana əsasən birinci kurs üzrə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları, ikinci kurs üzrə Elm və Təhsil Nazirliyinin "SABAH" qruplarına müsabiqə əsasında, ikinci və üçüncü kurs üzrə isə mübadilə proqramları və ya yerli universitetlər ilə ikili diplom proqramları ilə həyata keçiriləcək.

News24.az xəbər verir ki, modern.az Qarabağ Universiteti üçün nə qədər yer ayrıldığı ilə bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edib.

Qurumun mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə saytımıza açıqlamsında plan yerlərinin DİM tərəfindən müəyyən edilmədiyini bildirib.

"Yerlər Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra bizə göndəriləcək",-o, deyib.

Daha sonra Elm və Ali təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcək:

"Hazırda Qarabağ Universitetində kadr hazırlığı aparılan ixtisaslar, tədrisin təşkili, idarəetmə və pedaqoji heyətin formalaşdırılması məsələləri müzakirə olunur.Proses başa çatdıqdan sonra ictimaiyyət müvafiq qaydada məlumatlandırılacaq".