Prorektorun qətlini sifariş verən professorun məhkəməsi başladı
    • 7-01-2024, 15:55
    • 279

Prorektorun qətlini sifariş verən professorun məhkəməsi başladı

"Elm və Təfəkkür Universiteti"nin prorektorunun öldürülməsində təqsirləndirilən həmin universitetin rektoru Tariyel Əhmədov, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

News24.az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquqları izah edilib.

Bu iş üzrə müttəhim kürsüsündə qətlin sifarişçisi olduğu iddia edilən professor Müşfiq Atakişiyev və onun sifarişini yerinə yetirməkdə ittiham edilən Dəyanət Quliyev və Samir Quliyev əyləşir.

Anket məlumatlarından məlum olub ki, D.Quliyev hadisə vaxtı daxili işlər orqanlarında işləyirmiş. O, 2000-ci ildən 2020-ci ilə kimi (təqaüdə çıxıb) Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsində əməliyyat müvəkkili olub.

S.Quliyev isə taksi fəaliyyəti ilə məşğul olub.

Təqsirləndirilən şəxslər məhkəmə bildirişlərini almadıqlarına görə hazırlıq iclası 17 yanvara kimi təxirə salınıb.

İttihama görə, qətli sifariş verməkdə təqsirləndirilən M.Atakişiyev hadisə vaxtı "Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti"nin rektoru işləyib. Rektor mərhum prorektoru işgüzar nüfuzu üçün maneə hesab edib, bu səbəbdən onun qətlini sifariş verib. Qətlin icraçıları isə Dəyanət Quliyev və Samir Quliyevdir. Onlar da eyni iş üzrə təqsirləndirilən şəxsdirlər.

M.Atakişiyev, D.Quliyev və S.Quliyevə qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.