Körpə ölümündə günahlandırılan həkim 5000 AZN rüşvət təklif edib? - AÇIQLAMA
    • 12-04-2019, 12:00
    • 5 745

Körpə ölümündə günahlandırılan həkim 5000 AZN rüşvət təklif edib? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Abşeron rayon Mərkəzi Xəstəxanasının Doğum Evi şöbəsində doğuş zamanı körpə ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

Xatırladaq ki, bu barədə News24.az-a körpəsini itirən Dürdanə Çələbiyevanın bacısı qızı Gülər Uslu məlumat verib. G. Uslu körpənin ölümündə birbaşa xəstəxananın həkim mama ginekoloqu Kəmalə Atakişiyevanın günahı olduğunu bildirib. 

Bu gün isə D. Çələbiyevanın bacısı Çinarə Çələbiyeva redaksiyamızla əlaqə saxlayaraq, polisə yazdıqları şikayət ərizəsini geri çəkərək, hadisəni ört-basdır etmək üçün həkimin onlara 5000 AZN rüşvət təklif etdiyini iddi edib.

İddia ilə bağlı News24.az K. Atakişiyeva ilə əlaqə saxlayıb. Həkim barəsində yürüdülən iddiaları rədd edərək, körpənin ölümündə heç bir günahı olmadığını, eləcə də heç bir rüşvət təklif etmədiyini bildirdi:
"Onlar şər-xata adamlardır. Dediklərinin hamısı cəfəngiyyatdır. Uşağı anasının bətnindən tam çürümüş halda çıxartmışam. Ananı isə güclə xilas etmişəm. Bunun qarşılığında onlara pul da təklif etməliyəm"? 

K. Atakişiyeva onu da bildirib ki, əslində qarşı tərəf onu şantaj edərək, pul istəyib:
"Onlar qəribə ailədirlər. Əgər görsəz, mənə haqq qazandırarsız. Dəfələrlə onlara başa salmağa çalışdım ki, uşaq ananın qarnında ən az 3 gün əvvəl ölüb. Axı mən niyə kiminsə körpəsinə qıymalıyam? O qədərmi qəddar, vəhşi insanam?! Haqqımda deyilən böhtan dolu heç bir iddianı qəbul etmirəm. Körpənin ölümündə mənim heç bir günahım yoxdur. Onlar isə məni günahlandırıb, şantaj ediblər. Hətta pul da istəyiblər. Mənim şahidlərim var"!

Sonda K. Atakişiyeva körpənin ölümünün dəqiqləşdirilməsi üçün onun cəsədinin tibbi ekspertizaya göndərildiyini bildirib:
"Ekspertizanın nəticəsi bəlli olduqdan sonra, kimin haqlı və haqsız olduğu bəlli olacaq"!

Azər NƏSİBOV