-
- 18-01-2024, 18:14
- 304
Bu il yanacaq qiymətləri bahalaşa bilər – AÇIQLAMA
SOCAR şirkəti 2024-cü ilin birinci rübündə Heydər Əliyev adına Neft Emalı Zavodunda (BNEZ)“Avro-5” ekoloji standartlara uyğun avtomobil benzinin istehsalına başlamağı planlaşdırır.
Daha əvvəl şirkət 2023-cü il ərzində “Avro-5” standartlarına uyğun benzinin istehsalına başlamağı planlaşdırırdı.
Yanacaq məsələləri üzrə ekspert İlham Şaban Yenisabah.az-a açıqlamasında bildirib ki, əgər yanacaq növləri “Avro-5” standartlarına uyğunlaşdırılarsa, qiymətlərdə bahalaşmanın olması qaçılmazdır.
“Düşünürəm ki, dizel yanacağının qiymətinin ucuzlaşması real deyil. Hazırda Azərbaycanda istehsal olunan dizel “Avro-2” standartındadır və bu buraxılacaqsa, “Avro-5” olacaq.
Belə olduqda isə dizel yanacağı bahalaşacaq. Azərbaycanda heç vaxt daxili bazarda avrodizel satılmayıb. Qonşu Gürcüstanda isə artıq 5-6 ildir ki, avrodizel satılır. Avrodizelin qiyməti adətən “Aİ-95” markalı benzinin qiyməti ətrafında müəyyənləşir. Əgər “Avro-5” standartlarında dizel istehsal edilərsə, onun qiyməti heç olmasa 1 manat olacaq.
O cümlədən ölkədəki “Aİ-92” markalı benzin reallıqda “Aİ-93” olmalıdır və onun da qiymətində artım olacaq. Çünki “Aİ-93” “Avro-5” standartlarındadır”.
Ekspert həmçinin “Aİ-95” markalı benzinin qiymətində ucuzlaşmanın vacib olduğunu deyib.
“Aİ-95” markalı benzinin qiyməti isə düşməlidir. Bu benzinin qiymətinin 2 manat olması olduqca gülüncdür. Digər tərəfdən Azərbaycanda “Aİ-98”-in istehsalı planlaşdırılmır və xaricdən idxal olunmaqda davam edəcək. Bu yanacaq növünün istifadə olunduğu xüsusi avtomobillər var və illik 5 min ton idxal olunur”.