Behə görə çağırıb, HƏBS ETDİLƏR
    • 15-04-2019, 11:36
    • 1 128

Behə görə çağırıb, HƏBS ETDİLƏR

Xəbər verdiyimiz kimi, Rüzgar ləqəbli reper Aydın Hüseynov ifa etdiyi “Mal, mal” mahnısına görə 30 sutka müddətinə həbs olunub.

News24.az-a açıqlama verən reperin meneceri Orxan A.Hüseynovun aldadılaraq beh adı ilə görüşə çağrıldığını bildirib: “Bizi beh adı ilə çağırmışdılar. Pulu götürmək üçün mən yaxınlaşdım. Aydın isə başqa avtomobildə idi. Həbs olunan zaman dedilər ki, güya bir neçə gün öncə silahlı insidentə qoşulub. Halbuki, bir həftədən çox olardı hər gün eyni məkanda olmuşuq. Onların yalan danışdığını da elə həmin vaxt bildik. Aydının avtomobilə mindirilməsi cəmi 10 saniyə çəkdi. Yəni, qısa vaxt içində onunla əlaqəmiz kəsildi. Dörd avtomobillə gəlmişdilər. Heç etirazını da bildirməyə imkan olmadı”.

Orxan reperin ailə üzvləri ilə görüşünə də icazə verilmədiyini açıqlayıb: “Bizə hələ də heç bir rəsmi məlumat verilməyib. Otuz sutkalıq həbsi isə ancaq sözdə deyiblər. Məhkəmə qərarını göstəmirlər. Heç ailəsi ilə də görüşməyinə icazə vermirlər. Biz imza kampaniyasına start vermək istəyirik. Həm də yürüş üçün Bakı şəhər İcra Hakimiyyətindən icazə almağı düşünürük”.

Menecer Aydın Hüseynovu həbs edənlərdən şikayətçi olacaqlarını da deyib: “Sumqayıt şəhər Baş Polis İdarəsindən, oranın əməkdaşlarından şikayət edəcəyik. Hətta məhkəmənin qərarı olsa belə, ona da etirazımızı bildirəcəyik. Hazırda prezidentə müraciət üçün ərizə forması hazırlayırıq”.