Formula 1 Azərbaycan Qran-Prisi yarışı ilə bağlı bir neçə yol artıq bağlanıb
    • 15-04-2019, 12:23
    • 1 361

Formula 1 Azərbaycan Qran-Prisi yarışı ilə bağlı bir neçə yol artıq bağlanıb

“Paytaxtın Azadlıq prospektinin Zərifə Əliyeva küçəsi kəsişməsindən Neftçilər istiqamətində olan hissəsi artıq tam bağlanıb”.

Bu barədə Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov News24.az-a açıqlamasında bildirib. Onun bildirdiyinə görə Formula 1 Azərbaycan Qran-Prisi yarışının yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə paytaxtın bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq:
“Hazırda 6 zolaq üstündə olan Üzeyir Hacıbəyov küçəsi 3 zolaq üstündədir. Sürücülərə onu bildirmək istəryirəm ki, hazırda həmin halqa üzrə beton maliyyələrin olması yolda nisbətən daralma təşkil edib. Buna görə də sürücülər süni sıxlıq yaşamamaq üçün əvvəlcədən alternativ yollardan istifadə etməyə üstünlük versinlər”.

V.Əsədov onu da qeyd edib ki, yarışın hərəkət marşrutu üzrə kəsişən küçə və yollarda məhdudiyyət qoyulmasına aprel ayının 22-dən 23-ə keçən gecədən etibarən tədbir tam başa çatana qədər davam edəcək:
"Yarışın keçirilməsi ilə əlaqədar Bakı şəhər halqası kimi tanınan ərazi üzrə - Azneft, Dənizkənarı bulvar boyunca – Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilir. Eyni zamanda, Salyan, Ələt, Kürdəmir, Astara, Lənkəran tərəfdən hava limanı istiqamətində hərəkət edən sürücülər isə ən yaxşı halda alternativ yol kimi, Bakı Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kəmər dairəvi yolla hərəkət edərək, Yasamal rayon ərazisindən keçir. Bu yoldan Ziya Bunyadov prospekti vasitəsilə hava limanı istiqamətində hərəkət edirlər. Bayıl qəsəbəsindən bu yolla hava limanı istiqamətində hərəkət edənlər də Mikayıl Hüseynov küçəsindən keçərək, Mehdi Hüseyn, Teymur Elçin küçələrinin köməyi ilə Parlament prospektinə çıxır. Parlament prospektinin köməyi ilə isə İnşaatçılar, Nərimanov, Gənclik metro stansiyalarından keçərək, sərbəst aeroport istiqamətində hərəkət edə bilərlər. Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və 20-ci sahə qəsəbələri, eləcə də cənuba doğru gedən sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq, Afiyyədin Cəlilov – Yusif Səfərov, Yusif Səfərov – 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşfiq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur”.

V.Əsədov onu da bildirib ki, sürücülərin problemlə üzləşməyəcək: "Artıq 4-cü ildir ki, biz Formula yarışlarını keçiririk, hər hansı problem yaşanmır. Müəyyən təcrübələr də əldə etmişik. Bu tədbir də digərləri kimi yüksək səviyyədə təşkil olunacaq".

Afaq MİRAYİQ