Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
    • 23-01-2024, 18:27
    • 224

Milli Müdafiə Universitetində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 23-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetini və onun nəzdində fəaliyyət göstərən hərbi təhsil müəssisələrini ziyarət edib.

News24.az bildirir ki, qonaqlara Müdafiə Nazirliyinin strukturuna daxil olan təhsil müəssisələrinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub.

Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti arasında keçirilən görüşdə dövlətimizin başçısının hərbi təhsil sisteminin inkişafına göstərdiyi qayğıdan, Azərbaycan Ordusunda bu sahədə aparılan islahatlar, eləcə də Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışılıb.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı və Sərəncamı ilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yaradılan xüsusi təyinatlı hərbi kolleclərin əhəmiyyəti, eləcə də hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin gənclərin hərbi xidmətə marağının əhəmiyyətli dərəcədə artmasına imkan verəcəyi qeyd olunub.

Görüşdə iki qardaş ölkənin hərbi təhsil sahəsində əməkdaşlığının daha da genişləndirilməsindən söhbət açılıb, bu istiqamətdə görüləcək işlər, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Təhsil müəssisələrini ziyarət edən professor E.Afyoncu xatirə kitablarına ürək sözlərini yazıb.