Ödəniş sistemləri də kredit verə biləcək — Vətəndaşlar üçün YENİLİK
    • 24-01-2024, 23:49
    • 295

Ödəniş sistemləri də kredit verə biləcək — Vətəndaşlar üçün YENİLİK

Azərbaycanda ödəniş və elektron pul təşkilatları onların xidmətlərindən istifadə edən şəxslərə kredit verə biləcək. Bu, Azərbaycan Mərkəzi Bankının Kollegiyasının təsdiqlədiyi “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nda öz əksini tapıb. Qərarə əsasən, ödəniş təşkilatları krediti bir ödəniş əməliyyatı üzrə 50 manatdan çox olmamaqla yalnız milli valyutada 2 aydan çox olmayan müddətə verəcək və alınan kredit tam geri qaytarılana qədər həmin ödəniş xidməti istifadəçisinə yeni kredit verilməyəcək.

News24.az bildirir ki, bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, ötən il noyabrın 9-da ödəniş xidmətləri və sistemləri haqqında qanun qüvvəyə minib:

“Yeni qanunda bütövlükdə ödəniş xidmətləri və sistemləri üzrə geniş tənzimləmələr var, həmçinin ödəniş və elektron pul təşkilatlarının statusu da müəyyən edilib. Bu təşkilatların xidmətlərindən bu günə qədər də gündəlik həyatımızda istifadə edirdik, məsələn, elektron pul, internet ödənişləri, pul kisələri. Lakin fəaliyyətləri tənzimlənməmişdi, indi isə bununla Mərkəzi Bank məşğul olacaq. 

Yeni qanunda bu təşkilatlara kredit vermək səlahiyyəti də verilib. Bu, vətəndaşlar üçün üstünlükdür. Hamımızın evində elektron qaz sayğacları var. Bəzən kartda pul bitəndə, az miqdar borc da götürürük sayğacdan. Bu da eynilə, tutaq ki, siz hansısa ödəniş sistemindən daimi istifadə edirsiniz. Təcili ödəniş etmək lazım gələndə, amma pulunuz çatmayanda sistem sizə kiçik məbləğdə borc verə biləcək. İndiyə qədər belə bir mexanizm yox idi, krediti ya bank ya da bank olmayan kredit təşkilatları verirdi. Yeniliyin tətbiqindən bir neçə ay sonra bunun nə dərəcədə effektiv olması barədə fikir  yürüdə bilərik”.