Binəqədi rayonunda “Şahin” hərbi-idman oyunu keçirilib
    • 15-04-2019, 14:36
    • 1 255

Binəqədi rayonunda “Şahin” hərbi-idman oyunu keçirilib

12 aprel 2019-cu il tarixində Binəqədi rayonu, Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.

News24.az
xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət Nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Respublika Veteranlar Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Şahin” hərbi-idman oyununun məqsədi məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri Nicat Allahverdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin nümayəndəsi, Daxili Qoşunların “N” saylı hərbi hissəsinin nümayəndəsi polkovnik Şəmsəddin Həsənov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, Təhsil Nazirliyinin nümayəndəsi Qılman Eyvazov, Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov, Aprel döyüşləri zamanı şəhid olmuş Emin Bağırovun valideyni İmran Bağırov, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri, şagirdlər iştirak etmişlər.

Qeyd edək ki, yarışda rayonun 32 orta ümumtəhsil məktəbi iştirak etmişdir. Komandanın tərkibi 14 nəfərdən ibarətdir (5 nəfər oğlan, 2 nəfər qız 8-ci sinif; 5 nəfər oğlan, 2 nəfər qız 10-cu sinif). 

Yarışın nəticəsinə görə 100 №-li tam orta məktəbin komandası I yerə, 300 №-li tam orta məktəbin komandası II yerə, 299 №-li məktəb-liseyin komandası isə III yerə layiq görülmüşdür.