Buraxılış imtahanlarının suallarının çətinləşməsi ilə bağlı DİM-dən AÇIQLAMA
    • 15-04-2019, 14:46
    • 970

Buraxılış imtahanlarının suallarının çətinləşməsi ilə bağlı DİM-dən AÇIQLAMA

Şəhər və bölgələrinin orta ümumtəhsil məktəbtəblərində keçirilən buraxılış imtahanlarında şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə verilən sualların çətinləşməsi məsələsi gündəmə gəlib. Şagirdlər son buraxılış imtahanlarında verilən sualların əvvəlki illərə nisbətən çətin olduğu qənaətindədirlər.  

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadənin News24.az-a vediyi açıqlamasına görə, hər bir imtahanda test bloku asan, orta və çətin tipli tapşırıqlardan ibarət olur: “İmtahanda tapşırıqların ağırlıq dərəcəsinin necə olması haqqında yalnız iştirakçıların hamısının nəticələrini təhlil etdikdən sonra fikir bildirmək mümkündür. Hər bir imtahandan sonra onun nəticələri elmi və metodiki baxımdan təhlil olunur. Yalnız öz ətrafında olan insanların fikirlərinə əsasən ümumi qənaətə gəlmək doğru deyil. Qeyd edək ki, hər il DİM-də keçirilən fənn seminarlarında nəticələr ekspertlərə təqdim olunur. Burada nəinki ümumi test bloku, həmçinin, hər bir tapşırığın imtahanda necə işləməsi barədə statistik məlumatlara baxılır. Ötən illərin təcrübəsi göstərir ki, bu növ imtahan və nəticələrin ümumi səviyyəsi bir-birinə bərabər olur”.

Qeyd edək ki, aprelin 15-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Afaq MİRAYİQ