-
- 30-01-2024, 14:43
- 272
Ermənistanın mina xəritələri ilə “siyasi alver”i — ŞÜBHƏLƏR VAR
“Ermənistanın Azərbaycan tərəfinə 8 ədəd mina xəritəsini təqdim etməsi barədə yaydığı informasiya təcavüzkar siyasətin bariz göstəricisidir”.
Bunu News24.az-a açıqlamasında siyasi şərhçi Anar Əliyev deyib.
O xatırladıb ki, ölkəmizin bir neçə dəfə atdığı humanist addımlar nəticəsində Ermənistan ölkəmizə mina xəritələri təqdim etsə də, onlarda dəqiqlik payı ən çoxu 25 faiz olub.
A. Əliyev düşünür ki, rəsmi İrəvan manipulyativ addımları ilə regionda sülhün bərqərarı prosesini bilərəkdən ləngidir, bununla da müharibə cinayətlərinin davamı məqsədilə yalnız özü üçün sərfəli olan zəmin yaradır.
Ekspert beynəlxalq ictimaiyyətin bu qeyri-konstruktiv addımlara laqeyd münasibəti barədə də danışıb:
“Bununla bağlı Azərbaycanın təkidlərinə, Avropa institutlarını və beynəlxalq ictimaiyyəti bu məsələyə münasibət bildirməyə çağırmasına baxmayaraq, bir dəfə də olsun Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinə qarşı, Ermənistan dövlətinə qarşı hər hansı mövqe ortaya qoymayıb. Bütün bunlar onu göstərir ki, Ermənistanın belə arxayın şəkildə addımlar atmasının əsas məsuliyyəti beynəlxalq təşkilatların, Avropa institutlarının, Ermənistanın havadarlarının üzərinə düşür. Çünki Ermənistan Azərbaycana qarşı bu gün də müharibə cinayətlərini davam etdirir. Bu isə beynəlxalq hüquqa və BMT-nin prinsiplərinə zidd olaraq Ermənistana verilən hərtərəfli dəstəyin nəticəsidir. Ermənistan bu xəritələri təqdim etməklə əslində bir daha dünya ictimaiyyətinin gözündə özünün humanist xarakterini nümayiş etdirməyə çalışacaq. Amma xəritələrin minaları yerlərinin tam olaraq dəqiqliklə reallığı əks etdirməsinə şübhələr var. Bundan əvvəl də Ermənistanın təqdim etdiyi xəritələrin dəqiqliyi məsələsi özünü doğrultmayıb.
Məhz həmin səbəbdən rəsmi İrəvanın əlindəki xəritələri tam səmimi şəkildə təqdim edəcəyi inandırıcı görünmür. Amma bütövlükdə bu haqda informasiyanın yayılması onu göstərir ki, Ermənistan sülh prosesinə cəlb olunması ilə bağlı Azərbaycanın təzyiqləri qarşısında davam gətirə bilməyib. Bu ölkə açıq şəkildə sülh prosesindən yayınmaq görüntüsü formalaşdırmamaq üçün müxtəlif manipulyativ davranışlar nümayiş etdirir, beləliklə də özünün sülhpərvər görüntüsünü yaratmağa cəhd edir. Bu isə prosesləri uzatmağa və sülh müqaviləsinin qısa müddətdə imzalanmasına maneə yaratmağa xidmət edir. Eyni zamanda, Ermənistan bu ilin əvvəlində göndərdiyi yeni təkliflərdəki gülüş doğuran məsələləri sülh gündəliyinə daxil etməyə cəhd göstərir. Bu da onu göstərir ki, rəsmi İrəvan sülh prosesinə hələ ki hazır deyil. Ermənistanın mövcud rejimi bu proseslərdən, bu elementlərdən istifadə etməklə sülh danışıqlarını uzatmaq niyyəti var”.
Fərid Azəri