"Bir qadını xoşbəxtlik zirvəsinə qaldıra bilərik..."
    • 13-02-2024, 15:37
    • 407

"Bir qadını xoşbəxtlik zirvəsinə qaldıra bilərik..."

“Son illər dünyada kişi və qadın sonsuzluğuna qarşı mübarizə ən yeni metodlarla aparılır. Amma burada etik problemlər də ortaya çıxır. Çünki süni mayalanma zamanı həqiqətən kişi və qadının özünün toxumalarından və yaxud hüceyrələrindən istifadə olunması sual doğurur”.

Bu fikirləri News24.az-a açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov bildirib. 

Onun sözlərinə görə, süni mayalanma ilə yalnız Azərbaycanda deyil, həm də dünyanın hər bir çox ölkəsində övlad dünyaya gətirirlər:

“Hazırda süni sürətdə yeni aparatlar vasitəsilə uşağın dünyaya gətirilməsi ilə bağlı böyük tədqiqatlar aparılır.  Qeyd edək ki, hətta bu gün gözünün rəngindən tutmuş boyuna qədər valideynlərin seçim etmək imkanları var. Nə qədər fantastik görünsə də, bu belədir. Həmin uşağın gələcəkdə intellektual olmasını, yaxud hər hansı bir sahənin bilicisi olmasını belə planlaşdırmaq mümkündür. Çünki nanotexnologiya, nanobiotexnologiyalar o qədər sürətlə inkişaf edir və bu məsələlər də yaxın gələcəkdə problem kimi görünməyəcək”. 

Ekspert qeyd etdi ki, əgər tərəflər hansısa donordan uşaq dünyaya gətirmək istəyirsə, buna normal baxmaq lazımdır:

“Təbii ki, spermanı götürüb bir qadını analıq xoşbəxtliyinin zirvəsinə qaldıra bilərik. Amma onun etik tərəfləri də var. Sabah başqasının genini daşıyan bir övlad atasına, yaxud anasına naxələf çıxa bilər. O zaman bunun etik tərəfləri nə olacaq və bunlar böyük problemlərdir. Bu yöndə də əlbəttə ki, bu cür məsələyə daha dərindən baxmaq lazımdır. Unutmayaq ki, dünyada süni mayalanma ilə bağlı işlər get-gedə genişlənəcək. Çünki ekoloji və digər problemlər ona gətirib çıxarıb ki, insanlarımızın təbii yolla dünyaya uşaq gətirməsi problemdir. Hətta, bu problemin həlli ilə bağlı ailə institutları, sağlamlıqla bağlı beynəlxalq qurumlar neçə vaxtdır ki xəbərdarlıq edirlər. Hökumətlərə, dövlətlərə bununla bağlı alimlərimizin, tədqiqatçılarımızın, təbabət peşəkarlarının müraciətləri var. Hesab edirəm ki, artıq bu məsələyə ölkəmizdə də xüsusi fikir verməliyik”.

Mehriban Mirzəzadə