Azərbaycanda Boz ay başladı
    • 21-02-2024, 13:00
    • 105

Azərbaycanda Boz ay başladı

Azərbaycanda qışın daha soyuq hesab edilən dövrü - Kiçik çillə geridə qaldı. 

News24.az xəbər verir ki, Xalq təqviminə görə, dekabrın 22-dən başlayan qış fəslinin “oğlan çağı” - 20 günlük Kiçik çillə fevralın 21-nə keçən gecə başa çatıb. 

Bu gündən – 21 fevraldan Novruz bayramınadək qalan 30 günlük müddəti - Boz ayı yaşayacağıq. 

Xalq arasında Boz ay haqqında bir deyim var: “Boz ay bozara-bozara keçər”. Bu daha çox Boz ayda havaların bozarmasına və dəyişkənliyinə işarədir. Bu ayın xalq arasında adının həm də “ağlar-gülər” adlanması havaların dəyişkən olması ilə əlaqədardır. 

Xalq təqviminə görə, qış üç hissədən ibarətdir: dekabrın 22-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 20-dək Boz ay davam edir. 

Qeyd edək ki, Azərbaycana bu il yaz fəslinin daxil olması martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək. 

Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır. 

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsi  fevralın 27-si tarixinə təsadüf edəcək. /modern

Fevralın 27-də ilk - Su çərşənbəsi, martın 5-də Od, martın 12-də Yel, martın 19-da isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.  

Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək. 

Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir...