Xəzərin səviyyəsi tarixi minimumuna endi - Hansı təhlükə ilə üz-üzəyik?
    • 26-02-2024, 21:55
    • 322

Xəzərin səviyyəsi tarixi minimumuna endi - Hansı təhlükə ilə üz-üzəyik?

Xəzər dənizinin suyunun azalması bütün sahilyanı ərazilərimizdə hiss olunur. Paytaxt Bakı ilə yanaşı, cənub rayonlarında, o cümlədən Astarada dəniz təqribən 20-25 metr məsafədə geri çəkilib. Bu səbəbdən rayonun park-bulvar kompleksinin ərazisində bulvarla dəniz arasında böyük quru sahə yaranıb. Belə mənzərə digər sahil ərazilərində də müşahidə edilir.

Xəzər dənizinin bu səviyyədə geri çəkilməsi nə ilə əlaqədardır? Bu geriçəkilmə nə vaxta qədər davam edəcək? Belə vəziyyət Xəzər dənizinin ekoloji mühitinə, bioresurslarına necə təsir edir?

News24.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan “Sağlam həyata doğru” İctimai Birliyinin sədri, su məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, Xəzər dənizinin səviyyəsi həmişə kəskin tərəddüdlərə məruz qalıb.

Onun sözlərinə görə, Xəzər dənizində son yüzillikdə ən aşağı səviyyə 29 metr olmaqla, 1977-ci ildə müşahidə edilib: “Maksimal səviyyə 26 metr olmaqla, 1995-ci ildə müşahidə edilib. 1995-ci ildən bu günə qədər Xəzər dənizinin səviyyəsinin düşməsi davam edir. Gözlənilir ki, bu düşmə bundan sonra da davam edəcək. Hazırda səviyyə tarixi minimuma, yəni 29 metrə yaxınlaşmaqdadır. Daha bir neçə metr enmənin mümkün olduğunu əks etdirən proqnozlar var. Lakin, bunu təkzib edən proqnozlar da var ki, Xəzər dənizinin səviyyəsi yenidən arta bilər. Vurğulamaq yerinə düşər ki, bu istiqamətdə görülən işlər və proqnozlar heç vaxt özünü tam doğrultmayıb. Xəzər dənizinin səviyyəsinin necə olacağı haqqında fikir söyləmək çox çətindir. Bu dəyişmələrə yalnız adaptasiya olmaq lazımdır. Bu adaptasiya da mərhələli şəkildə baş verməlidir. İlk növbədə dəniz limanlarında, Xəzər dənizində olan mövcud sugötürmə qurğularında, Xəzər dənizinin yaxınlığında olan sahil məntəqələrində müxtəlif fəaliyyətlərin həyata keçirilməsi üçün strategiyanın işlənilib hazırlanması çox vacibdir”.

Ekspert bildirib ki, Xəzər dənizinin səviyyəsinin kəskin düşməsi onun bioloji resurslarına çox ciddi təsir edir: “Xəzərə tökülən çaylar dənizə gəlib yaxşı çata bilmir. Nəticədə Xəzərdə yaşayan keçici balıqlar kürü tökmək üçün Xəzər dənizi çaylarının aşağı hissələrinə miqrasiya edə bilmirlər. Təbii ki, digər tərəfdən dənizdə temperaturun kəskin şəkildə artması, dəniz mühitində dəniz oksigeninin azalmasına, yosunların və bakteriyaların çoxalmasına səbəb olur. Bu isə Xəzər dənizində yaşayan canlıların boğulmasına şərait yaradır. Digər tərəfdən, dayazlaşma davam edirsə, bu, dəniz sahilində xırda gölməçələrin yaranmasına səbəb olur ki, burada da çoxlu balıqlar məhv olur. Həm də dayazlaşma nəticəsində suyun şaquli stratifikasiyası dəyişir və su daha çox qızır. Bu da dəniz canlılarının qida zəncirinə mənfi təsir edir və yaşayış mühitini dağıdır”.