Masallıda qətl: Gənc oğlan iş yoldaşını öldürdü — DƏHŞƏT
    • 12-03-2024, 21:42
    • 3 631

Masallıda qətl: Gənc oğlan iş yoldaşını öldürdü — DƏHŞƏT

Masallı rayonunda 2002-ci il təvəllüdlü Hüseynxan Cəfərov iş yoldaşı, 1992-ci il təvəllüdlü Qadir Hüseynovu qətlə yetirib. 

News24.az Demokrat.az-a istinadla bildirir ki, Hüseynxan Cəfərov Masallı şəhəri, Xətai küçəsində yerləşən topdansatış anbarında onunla birlikdə fəhlə işləyən Qadir Hüseynovla onun bir neçə dəfə onunla yersiz zarafatlar edərək özünün və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində bir neçə dəfə mübahisələri olub. 

Sonuncu dəfə Hüseynxan 8 iyun 2022-ci ildə, saat 17 radələrində işdə olarkən avtomaşına yük vurduqları zaman Qadir kənarda durmaqla işləmədiyini görüb, ona öz iradını bildirməklə işləməsini tələb edib. Qadir ona əhəmiyyət vermədiyi üçün aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun onun ünvanına yenidən nalayiq söyüşlər söyməsi səbəbindən onu cəzalandırmaq qərarına gəlib. 

Bu məqsədlə Hüseynxan qəsdən sol əli ilə onun sifətinə bir yumruq zərbəsi vurub, sonra onu yerə yıxaraq onu döyməklə öldürüb. 

Hadisəni törədən Hüseynxanın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hüseynxan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2022-ci ilin yanvarından anbarda fəhlə kimi işləməyə başlayıb, bir dəfə işdən çıxıb sonra yenidən işləmək üçün anbara qayıdıb: “Mənimlə birlikdə işləmiş Qadirlə aramızda əvvəllər heç bir narazılıq olmayıb. Lakin sonralar Qadir mənə söz atmaqla söyüş söydüyündən aramızda mübahisələrimiz yarandı. Aramızda olan mübahisələri bizimlə birgə işləyən yoldaşlarımız sakitləşdiriblər”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 8-də anbardan müxtəlif mallar gətirib və avtomaşına yükləyərkən Qadir kənarda dayanaraq ona göstəriş verib: “Qadirə iradımı bildirdim, kömək etməsini desəm də, buna əhəmiyyət vermədi. Məni nəzərdə tutaraq “it hürər, karvan keçər” deyib sonra söyüş söydü. Qadirin bu sözünə görə ona yaxınlaşdım, sifətindən bir yumruq zərbəsi vurdum. Qadir yerə yıxıldı. Orada fəhlə işləyən şəxslər Qadiri ayıltmağa çalışsalar da, o, ayılmadı. Qadir anbarda olan maşınla xəstəxanaya aparıldı. Mən isə həmin vaxt kənarda dayandım. Sonradan mənə zəng edərək Qadirin rəhmətə getdiyini dedilər. Qadiri öldürmək niyyətim olmayıb. Qadir məni nalayiq söyüşlər söydüyü üçün onu cəzalandırmaq məqsədi ilə cəmi bir yumruq zərbəsi vurmuşam. Əməlimdən peşmanlıq hissləri keçirirəm”. 

İş üzrə zərərçəkmiş Qadirin hüquqi varisi qismində ifadə verən atasının sözlərinə görə, oğlu Qadir arvadı və bir azyaşlı uşağı ilə birlikdə onunla yaşayıb: “Qadir 2022-ci ilin yanvarından Masallı şəhərində yerləşən topdansatış anbarda fəhlə işləyib. Oğlum hər gün səhər işə gedib, axşam isə işdən evə qayıdıb. İyunun 8-də, saat 18 radələrində evdə olduğum zaman Masallı rayon mərkəzi xəstəxanasından evimə zəng edilərək oğlum Qadirin iş yerindən ölmüş vəziyyətdə xəstəxanaya daxil olması barədə məlumat verildi. Sonra bildim ki, həmin günü iş yoldaşı Hüseynxan ilə oğlumun söz-söhbəti olub. Hüseynxan qəfildən Qadirin sifətinə bir yumruq zərbəsi vuraraq onu yerə yıxıb. Zərbənin təsirindən Qadir yerindəcə ölüb. Hüseynxan oğlumun ölümünə səbəb olmaqla ailəsini başsız qoyub. Qadirin azyaşlı uşağı yetim qalıb”. 

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Hüseynxan 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.