-
- 23-03-2024, 20:13
- 211
“Arvadımın telefonunda sevgi məzmunlu videolar gördüm” — AİLƏ MÜNAQİŞƏSİ
Bakının Xətai rayonunda 1972-ci il təvəllüdlü Həsən ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı oğlu Azərə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
News24.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Həsən arvadı Rəna ilə uzun müddət aralarında ailə-məişət zəminində olan narazılıq səbəbindən 2 sentyabr 2023-cü ildə, saat 19 radələrində birgə yaşadıqları Xətai rayonu, 7-ci Əhmədli küçəsi nömrəsiz fərdi yaşayış evində qeyd olunanlarla bağlı oğlu, 2001-ci il təvəllüdlü Azərlə aralarında mübahisə baş verib.
O, baş vermiş mübahisə zamanı kağız kəsilməsində istifadə olunan bıçaqla Azərin qulaq, boğaz, sinə və qarın nahiyələrindən vurub.
Hadisəni törədən Həsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, uzun müddətdir fərdi olaraq ev təmiri ustası kimi fəaliyyət göstərir:
“1995-ci ildə Rəna ilə ailə qurmuşam. Birgə nikahdan üç övladımız olub. Ailədaxili problemlərə görə təxminən 1 ildir ki, ailəmdən ayrı yaşayıram. 2023-cü ilin avqustunda Naxçıvan şəhərindən Bakı şəhərinə gəldim. Bakı şəhərinə gəldikdən sonra həyat yoldaşım Rəna ilə görüşərək aramızda baş verən mübahisələri unutmağı, artıq normal ailə kimi yaşamağı təklif eldim. Bundan sonra övladlarım ilə məsləhət etdikdən sonra Rəna razılaşaraq birlikdə yaşamağı qəbul etdik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Rəna ilə övladlarının kirayə yaşadığı Xətai rayonu, 7-ci Əhmədli küçəsində nömrəsiz fərdi yaşayış evinə gələrək onlarla birlikdə yaşamağa davam edib:
“Həmin evdə birlikdə yaşamağa başladıqdan sonra evdə yenidən həyat yoldaşım Rəna və oğlum Azər ilə aramızda münaqişələr başladı. 1 sentyabr 2023-cü ildə evdə olarkən həyat yoldaşımın mobil telefonunda sevgi xarakterli videolar gördüm. Həmin videoları görəndən sonra əsəbləşdim. Bundan sonra Rəna ilə həmin videolara görə aramızda mübahisə baş verdi. Sentyabrın 2-də, səhər saatlarında Azər anası ilə mübahisə etməyimi bəhanə edərək evi tərk etməyimi bildirdi. Azər ilə dalaşaraq evdən getdim”.
Həsənin ifadəsinə görə, sentyabrın 2-də, axşam saat 19 radələrində yaşadıqları evə gəlib, evdə təkcə oğlu Azər olub: “Azərə ata-oğul kimi söhbət etməyi təklif etdim. Razılaşdıqdan sonra Azərə anasının telefonunda sevgi xarakterli videolar görməyimi, həmin videoların evli və onun yaşında olan xanıma uyğun olmadığını dedim. Bu sözdən sonra Azər anası və bacısı Aysunun istədiyi həyat tərzində yaşamalarına icazə verməyi, onlara hər hansı söz demək səlahiyyətimin olmadığını dedi. Bu səbəblədə əsəbləşərək Azərlə dalaşmağa başladım. Azər aqressiv cavablar verməkdə davam etdi. Bundan sonra hirsimi cilovlaya bilmədim. Şalvarının sağ yan cibində olan kağız kəsmək üçün nəzərdə tutulan bıçağı çıxartdım. Həmin bıçaqla Azərin üz və bədən nahiyyələrindən zərbələr endirdim. Daha sonra Azər həmin bıçağı əlimdən alaraq qırıb kənara atdı. Bundan sonra Azər evi tərk etdi. Bıçağın yerdə qalan qalıqlarını yerdən götürərək çöldə zibil qutusuna atdım. Həmin günü oradan uzaqlaşdıqdan sonra gecəni Xətai rayonunda yerləşən “Heydər” parkında gecələdim”.
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Azərin sözlərinə görə, atası Həsən ailəsindən ayrı yaşayır:
“Buna səbəb Həsənin müxtəlif bəhanələrlə anamı və bacımı təhqir edib döyməsi və rahat yaşamalarına maneçilik törətməsi olub. Buna görə də Həsən bizdən ayrı yaşayıb. 2023-cü ilin avqustun sonlarında atam yaşadığımız evə gələrək artıq normal şəkildə birlikdə yaşamaq istədiyini bildirdi. Bundan sonra ailə üzvlərimiz ilə birlikdə Həsənin yaşamasına razı olduq. Lakin atam evdə olmayan zamanlarda anam Rənaya bir neçə dəfə gərginliklər yaratmışdı”.
Zərərçəkmiş şəxs qeyd edib ki, hadisə günü, səhər saatlarında atası Həsən anası Rənanın işlədiyi mağazaya gedərək birlikdə yaşamaqlarına davam edəcəyini və buna heç kimin mane ola bilməyəcəyini bildirib:
“Həmin gün saat 12 radələrində evdə olan zaman anamın gərgin vəziyyətdə olduğunu gördüm. Bu barədə soruşduqda Həsənin onu narahat etməsini bildirdi. Bundan sonra anamı və bacımı xalamın yaşadığı evə göndərdim. Həmin gün saat 19 radələrində evdə tək olan zaman atam Həsən evin qapısının açıq olmasından istifadə edərək içəri daxil oldu. Daha sonra qapı və pəncərəni bağlayaraq söhbət etmək istədiyini bildirdi. Bundan sonra Həsən hansı səbəbdən birlikdə yaşamağımıza mane olmağım barədə soruşdu. Bundan sonra aramızda mübahisə başladı. Atam şalvarının sağ yan cibindən çıxardığı kağız kəsmək üçün nəzərdə tutulan bıçağı üz və bədənimin müxtəlif nahiyələrindən zərbələr yetirərək xəsarət yetirdi. Bundan sonra yerə yıxıldım. Daha sonra atama müqavimət göstərdim. Atamın əlində olan bıçağı alaraq qırdım. Bundan sonra aldığım xəsarətlər nəticəsində üzümdən və bədən nahiyəmdən qan axmağa başladı. Bu minvalla xəstəxanaya getdim”.
İş üzrə şahid qismində ifadə verən Rənanın sözlərinə görə, təqsirləndirilən Həsən onun həyat yoldaşıdır, təxminən 26 ildir ki, ailəlidirlər:
“Həsənlə aramızda müxtəlif vaxtlarda ailə daxili münasibətlər gərginləşib. Hətta bu səbəblə də ayrı yaşamışıq. Ara-sıra müxtəlif vaxtlarda birlikdə yaşamaq üçün icazə versək də, gəlib yaşadığımız evdə narahatçılıq yaradıb. Övladlarımı döyün və təhqir edib”.
Rəna qeyd edib ki, Həsən 2022-ci ildə onu döyərək sağlamlığına xəsarət yetirib:
“Bununla bağlı barəsində cinayət işi başlanıldı. Lakin işin məhkəmə mərhələsində barışmağımız səbəbindən cinayət işinə xitam verildi. Buna səbəb isə onu bağışlamağım olub. Bundan sonra Həsən ayrı yaşamağa davam etdi. 2023-cü ilin avqustun sonlarında Həsən iş yerimə gələrək səhhətində problem olmasını, qalmağa yerinin olmaması səbəbindən birlikdə qalmağı təklif etdi. Bundan sonra övladlarım ilə məsləhətləşdikdən sonra Həsənlə bir evdə yaşamağa razılıq verdik. Həsən həmin vaxt kirayə yaşadığımız 7-ci Əhmədli küçəsində fərdi yaşayış evinə gələrək birlikdə qalmağa davam etdi. Həsən yenidən evdə gərginliklər yaratmağa, övladlarım ilə mübahisə etməyə davam etdi”.
Rənanın sözlərinə görə, sonuncu dəfə sentyabrın 2-də əri Həsənlə mübahisə edib: “Bu barədə oğlum Azərə bildirdim. Bundan sonra Azər qızım Aysu ilə birlikdə məni bacımgilin Binə qəsəbəsində yerləşən evinə apardı. Həmin gün axşam saatlarında qızım Aysu vasitəsi ilə oğlumun bıçaqlanması və Sabunçu xəstəxanasına yerləşdirilməsi barədə xəbər aldım. Həmçinin öyrəndim ki, Həsən özü ilə birlikdə gətirdiyi kağız kəsmək üçün nəzərdə tutulan bıçaqla oğluma xəsarət yetirib”.
Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Həsən 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 23.00-dan 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulub.