-
- 23-03-2024, 08:00
- 139
Yupiterin Avropasından gələn kosmik buz dənələrində həyat izləri ola bilər - Alimlər
ABŞ və Almaniyadan olan beynəlxalq astrobioloqlar qrupu Yupiterin Avropa peykində həyatın mövcudluğunun sirrini müəyyənləşdirmək üçün göy cisminin daim ətrafdakı kosmosa səpdiyi bir buz dənəsinin kifayət edəcəyini müəyyən edib.
News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, tədqiqat "Science Advances" (SciAdv) elmi jurnalında dərc olunub.
NASA-nın 2024-cü ilin oktyabrında işə salınması planlaşdırılan yeni "Europa Clipper" missiyası Yupiterin buzlu peyki Avropanı daha ətraflı öyrənmək üçün əlavə cihazlarla təchiz olunacaq.
Bu missiyaya hazırlaşmaq üçün tədqiqatçılar yeni nəsil alətlərin nə tapa biləcəyini öyrəniblər. Təcrübə zamanı alimlər vakuumda su çiləyərək, "Sphingopyxis" alaskensis bakteriyasını model orqanizm kimi istifadə etməklə, kütlə spektrometrindən istifadə edərək analiz aparıblar. Bu mikrob Alyaska sularında tapılır.
Nəticələr göstərib ki, "Europa Clipper"in göyərtəsindəki səth toz analizatoru yüz minlərlə buz dənəciklərindən birində hüceyrə materialını aşkarlaya bilir.
"İlk dəfə biz sübut etdik ki, kosmik gəminin göyərtəsində olan kütlə spektrometrindən istifadə etməklə hüceyrə materialının kiçik bir hissəsini belə müəyyən etmək olar. Nəticələrimiz daha çox əminlik verir ki, biz yeni alətlərin köməyi ilə buzaltı okeanları olan peyklərdə mövcud ola biləcək Yerə bənzər həyat formalarını aşkarlaya biləcəyik", deyə Vaşinqton Universitetindən aparıcı müəllif Fabian Klenner bildirib.