İnsanı nəfsini tərbiyə etməyə, paklıq və mərhəmətə təşviq edən ibadət - ORUC
    • 29-04-2019, 14:04
    • 1 060

İnsanı nəfsini tərbiyə etməyə, paklıq və mərhəmətə təşviq edən ibadət - ORUC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura Ramazan ayının başlanması ilə bağlı fətva verib. Şura üzvləri ilahi rəhmət və bərəkət qapılarının açıldığı müqəddəs Ramazan ayının başlanması münasibətilə xalqımızı və dünya müsəlmanlarını təbrik edərək Ramazan ayının fəzilətlərindən də danışıblar: “İnsanların düşünüb ibrət almaları, Haqq yoluna hidayət olunmaları üçün göndərilən "Qurani-Kərim" məhz Ramazan ayının mübarək Qədr gecəsində nazil olub. Qadir Allah "Bəqərə" surəsinin 183-cü ayəsində Ramazanda oruc tutmağın müsəlmanlara vacib olduğunu bəyan edərək belə buyurub: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz! Oruc insanı səbrə, nəfsi tərbiyə etməyə, paklıq, mərhəmət və xeyirxahlığa, habelə ehtiyac sahiblərinin halını anlamağa təşviq edən bir ibadətdir. Bu ibadətin fəzilətindən bəhs edən Peyğəmbər (s) buyurub: "Kim Ramazan ayının orucunu iman edərək və savabını yalnız Allahdan gözləyərək tutsa, keçmiş günahları bağışlanar". Rəsulullahın (s) "kiçiklərinizə mərhəmət və böyüklərinizə hörmət göstərin" tövsiyəsinə əsasən ilk olaraq valideynlərə ehtiram göstərmək, uşaq evlərinə, yaşlılara, ehtiyac sahiblərinə maddi və mənəvi dəstək olmaq, kimsəsizlərin kimsəsi olmaq orucluqda Allah-Təalanın rizasını qazanmaq üçün bir fürsətdir.
Cəhənnəm qapılarının bağlandığı və ilahi məğfirətin bol olduğu Ramazanda "Qurani-Kərim"i oxuyub mənasını dərk etməyə çalışmaq, qohum-qonşuya baş çəkmək, əbədi aləmə köç edənlərin ruhunu yad etmək, insanların sevinc və qəminə şərik olmaqla cəmiyyətdə dostluq və qardaşlığı təbliğ etmək dinimizdə böyük savablardan hesab olunur".