Prezidentdən qida təhlükəsizliyi ilə bağlı vacib - SƏRƏNCAM
    • 29-04-2019, 16:27
    • 1 316

Prezidentdən qida təhlükəsizliyi ilə bağlı vacib - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncamla “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Qida Təhlükəsizliyi Agentliyinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək tapşırılıb. Bundan başqa, qurum Dövlət Proqramında qeyd olunan tədbirlərin, beynəlxalq təcrübə nəzərə alınmaqla, əsas icra indikatorlarını üç ay müddətində müəyyən etməli, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməlidirlər.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.