Şahmat üzrə respublika çempionatının yarışlarına yekun vurulub
    • 1-05-2019, 13:58
    • 1 229

Şahmat üzrə respublika çempionatının yarışlarına yekun vurulub

Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq Ucar rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbində şahmat idman növü üzrə daha bir zona yarışı keçirilib.

Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, Kürdəmir, Ucar, İmişli, Zərdab, Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının məktəb komandalarının iştirak etdiyi yarışın nəticəsi olaraq I yeri Ucar rayonu 6 nömrəli, II yeri Şirvan şəhəri N.Quliyev adına 9 nömrəli, III yeri Hacıqabul rayonu A.Dadaşov adına 5 nömrəli tam orta məktəblərin komandaları tutub. 

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, şahmat idman növü üzrə sonuncu zona yarışı Mingəçevir şəhəri Uşaq-Gənclər İdman-Şahmat Məktəbində baş tutub. Gəncə və Mingəçevir şəhərinin, Şəmkir, Tovuz, Ağstafa, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Ağdam, Xocalı, Daşkəsən rayonlarının məktəb komandalarının mübarizə apardığı yarışlarda I yerə Bərdə rayonu 8 nömrəli, II yerə Tərtər rayonu 1 nömrəli, III yerə Yevlax rayonu 2 nömrəli tam orta məktəblərin komandaları layiq görülüb.

Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib. Qaliblər diplomlarla təltif edilib. Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, aprel ayı ərzində keçirilən çempionatın zona yarışlarında atletika idman növü üzrə final mərhələsinə Ucar rayonu Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli, Şirvan şəhəri 9 nömrəli, Balakən rayonu Şərif kənd, Qəbələ rayonu Vəndam qəsəbə 1 saylı, Lənkəran şəhəri Haftoni qəsəbə, Biləsuvar rayonu Xırmandalı kənd 1 nömrəli, Quba rayonu Qırmızı qəsəbə 1 nömrəli, Qusar rayonu Hil kənd 1 nömrəli, Bərdə rayonu Xanqaraqoyunlu kənd, Bakı şəhəri 251 nömrəli tam orta məktəblər,  Gəncə şəhər İdman Liseyi və Bakı şəhəri S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının komandaları vəsiqə qazanıb. Final yarışları 1-2 iyun 2019-cu il tarixlərində Respublika Olimpiya Mərkəzində keçiriləcək.

Şahmat idman növü üzrə final mərhələsinə Sumqayıt şəhəri Texniki və Təbiət Elmləri Liseyi, Bakı şəhəri 6 nömrəli məktəb-lisey, Abşeron rayonu Saray qəsəbə 2 nömrəli, Bakı şəhəri 60 nömrəli, Oğuz rayonu 1 nömrəli, Göyçay rayonu 5 nömrəli, Biləsuvar rayonu 1 nömrəli, Yardımlı rayonu 1 nömrəli, Ucar rayonu 6 nömrəli, Şirvan şəhəri 9 nömrəli, Bərdə rayonu 8 nömrəli və Tərtər rayonu 1 nömrəli tam orta məktəblərin komandaları vəsiqə qazanıb. Final yarışları 3-9 iyun 2019-cu il tarixlərində "Təhsil" Respublika İdman Mərkəzinin Zuğulba Tədris İdman Bazasında keçiriləcək.
Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil Gənclər və İdman Nazirlikləri Milli Olimpiya Komitəsi Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.