-
- 19-04-2024, 10:30
- 685
İki sabiq nazir sirləri açır: “Bu, bir oyundur”
Fransa Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda olan səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırdığını açıqladı. Artıq çağırılan səfirin Prezident Emmanuel Makronla da görüşdüyü bildirilir. Səfirin geri çağırılması ictimaiyyətdə müzakirələrə səbəb olub.
Azərbaycan-Fransa münasibətləri bundan sonra necə olacaq?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Globalinfo.az-a deyib ki, iki ölkə arasında yaşanan böhranın bu və ya digər mərhələdə həll olunması qaçılmazdır. Sabiq nazirin sözlərinə görə, Fransanın əsas maraqlarından biri, enerji problemləridir:
“Baxın, bir tərəfdən Fransa Rusiyaya qarşı bəyanatlar verir, digər tərəfdən də ondan qaz almaqda davam edir. Bundan başqa, Azərbaycana qarşı hansısa addımlar atır, o biri yandan da bizə yaxın olan iki ölkədən – Qazaxıstan və Özbəkistandan uran ehtiyatlarını Fransaya ixrac etmək istiqamətində addım atır. Maraqlısı da odur ki, Azərbaycandan başqa Parisə ixrac üçün marşrutlar demək olar, yoxdur”.
Sabiq nazir deyib ki, Fransa Azərbaycana təsir etməyə çalışır:
“Fikrimcə, Fransa bu və ya digər yollarla Azərbaycanın siyasi iradəsinə təsir göstərmək istəyir. Bundan öncə də Makron vəziyyəti gərginləşdirmək üçün addımlar atırdı. Lakin Azərbaycan təmkin nümayiş etdirərək öz məqsədlərinə nail olurdu. Bundan sonra da belə olacağına inanıram”.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, beynəlxalq praktikada səfirin ya səfirlik işçilərinin məlumatlandırılmaq məqsədilə ezamiyyətə getməsi təbii haldır:
“Sadəcə, mətbuata “səfiri bilərəkdən geri çağırmışıq” deyilməsi artıq təzyiq formasıdır. Bu, xoşagəlməz bir məsələdir. Amma onların belə deməsi böyük bir çətinlik yaşatmayacaq. Əsas Azərbaycanın cavabının necə olmasıdır. Fikrimcə, cavab olaraq səfirliyimiz Fransada öz işinə davam etməlidir”.
E.Məmmədyarov deyib ki, Fransanın indiki rəhbərliyi Azərbaycanla oyun oynamağa cəhd edir:
“Burada əsas məsələ Makronun oyunudur və bunu ciddi qəbul etmək olmaz. Ona görə də səfirimizin geri gəlməsini düşünmürəm. Açığı, Makron bu gün var, sabah yoxdur. O dəyişdikdə Azərbaycanla-Fransa münasibətləri də normallaşacaq. Çünki Fransanın biznesi Azərbaycanda yaxşı inkişaf edir. Hətta ölkəmizdə Fransa liseyi var, uşaqlar fransız dilini öyrənirlər. Bu baxımdan Fransanın səfiri geri çağırmasını ciddi qəbul etməməliyik. Çağırıb- çağırıb da. Onlar özlərini uşaq kimi aparmağa öyrəşiblər artıq”.