-
- 22-04-2024, 10:17
- 235
4200 illik "zombi məzarı" tapıldı
Almaniyada təxminən 4200 illik "zombi məzarı" aşkar edilib.
News24.az xəbər verir ki, Tunc dövrünə aid olan məzardakı qalıqlar 40-60 yaşları arasında vəfat etmiş bir kişiyə aiddir. Bədənin aşağı hissəsində böyük bir daş blokun qaldığını qeyd edən tədqiqatçılar bunun mərhumun dirilməsinin qarşısını almaq üçün qoyulduğunu deyirlər.
"Biz bilirik ki, hətta daş dövründə də insanlar kabuslardan qorxurdular. O zaman inanılırdı ki, ölülər bəzən qəbirlərindən çıxmağa çalışırlar", - deyə layihə rəhbəri Suzanna Friderix deyir.
Arxeoloqlar bu dəfn yerini Beaker və ya zəng formalı saxsı mədəniyyəti ilə əlaqələndirirlər. Eramızdan əvvəl 2800-cü ildə Avropada meydana çıxan bu xalq qitənin qərbinə və Afrikanın bəzi hissələrinə yayılmışdır. Beaker xalqı dulusçuluq kimi əşyaları qəbirlərdə qoyub getmələri ilə diqqət çəkir.
Qeyd edək ki, Avropanın müxtəlif yerlərində ölülərin dirilməsi qorxusunu göstərən zombi məzarları görünsə də, bəziləri daha yaxın dövrlərə aiddir. Bəzi dəfn yerlərində meyitlərin çəkisini azaltmaq üçün qol və ayaqlarına daş bağlandığı, bəzilərində isə ağızlarına daş qoyulduğu görülüb.
Günel Məlikzadə