Anası tərəfindən döyülən 9 yaşlı Hüseyn danışdı:
    • 2-05-2019, 13:00
    • 1 523

Anası tərəfindən döyülən 9 yaşlı Hüseyn danışdı: "İNTERNATA GETMƏK İSTƏMİRƏM" - EKSKLÜZİV AÇIQLAMA

Uşağını vəhşicəsinə döyüldüyü deyilən ana polis tərəfindən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilən övladını bu gün geri götürüb.

Bu barədə uşağın anası Səidə Eyvazova (ad və soyad şərtidir) News24.az-a özü deyib: “Uşaq döyülməyib, həyətdə hasardan hoppananda yıxılıb. Mən uşağın anasıyam, mən bilirəm ki, söhbət necə olub. Məlumat səhv verilib. Gecə işləyirəm, evdə olmamışam. Qardaşının pulunu götürüb, evdən qaçmışdı, amma heç kim onu döyməyib, heç kim də öyrətməyib. Həmişə evdə olur, 3-cü sinifdə oxuyur, məktəbə gedib-gəlir. Atası yoxdu, uşaq anadan olanda biz ayrılmışıq, eşitmişəm ki bu yaxınlarda rəhmətə gedib. Qardaşı da mənim qəyyumluğumdadır, bacım rəhmətliyin uşağıdır. 17 ildir mən saxlayıram onu. Əgər məndə bir problem olsaydı, o uşağı mənə qəyyumluğa verərdilər? Həmin gün də mən evdə olmayanda uşaq qardaşının pulunu götürüb qaçıb. Bundan sonra əminəm və cavabdehəm ki, uşağım bir daha qaçmayacaq”.  

Metroda xadimə işləyən ana onu da bildirir ki, aldığı məvaciblə uşaqlarını dolandıra bilir: “Gecə növbəsində xadimə işləyirəm. 250 manat maaş alıram. Mənim ata-anam xəstə olduğuna görə, mən məcbur qalıb o uşağı qəyyumluğa götürmüşəm. Gecə mən işdə olanda qardaşı ilə ikisi qalırlar. Qonşumuz var nənə, arabir o gəlib nəzarət edir. Elə də çətinliyim yoxdu, bir gün işləyirəm, iki gün evdə oluram”. 

Döyüldüyü deyilən 9 yaşlı Hüseyn də bizimlə danışdı: “Mamam məni döyməyib. Mən internata getmək istəmirəm. Danışmaq istəmirəm, yatmaq istəyirəm”.  

Afaq Mirayiq