Az kalori, çoxlu su ehtiva edən meyvə və tərəvəzlər -SİYAHI
    • 26-04-2024, 21:41
    • 1 060

Az kalori, çoxlu su ehtiva edən meyvə və tərəvəzlər -SİYAHI

Qeyri-kafi maye qəbulu dəri problemlərindən tutmuş baş ağrılarına qədər bir çox problemin arxasında duran əsas səbəblərdən biridir.

News24.az medicina.az-a istinadla xəbər verir ki, xüsusilə də yaz və yay aylarında adekvat maye qəbulunu təmin etmək üçün içməli sudan başqa alternativlər də var.

Beləliklə, kalorisi az, ehtiva etdiyi su miqdarı isə çox olan meyvə və tərəvəzləri təqdim edirik:


Xiyar və kahı

Xiyarın 95 faizi, kahının isə 96 faizi sudur.

Xiyar çox aşağı kalorilidir və az miqdarda K vitamini, kalium və maqnezium ehtiva edir. Hamilə qadınlar üçün çox faydalı olan fol turşusu ilə zəngin olan kahının tərkibində isə yüksək miqdarda K və A vitamini var.

Qabaq

Qabaq 95 faiz sudan ibarətdir və C vitamini ilə zəngindir.

Qarpız

Qarpızın 92 faizi sudur. A vitamini, C vitamini, maqnezium və likopen, eləcə də güclü antioksidantlarla zəngindir.

Çiyələk

Çiyələkdə su miqdarı 91 faizdir. Lif, antioksidantlar, C vitamini, folat və manqanla zəngindir.

Qovun

Qovun 90 faiz sudan ibarərdir. Bol miqdarda lif ehtiva edən meyvələrdən biridir. Həmçinin onun tərkibində immunitet sistemini gücləndirən A vitamini var.

Nektarin və armud

Bu meyvələrin 88 faizi sudan ibarətdir. Armud kaliumla çox zəngindir. Nektarin isə bol miqdarda A vitamini, kalium, beta-karotin və fosfor ehtiva edir.

Sitrus meyvələri

Bu meyvələrin təxminən 88 faizi sudan ibarətdir. Onlar lif, kalium, C vitamini və xəstəliklərlə mübarizə aparan antioksidantlarla zəngindir. Ancaq mövsümündə daha faydalı olduğu üçün portağal, mandarin, qreypfrut kimi meyvələri qış aylarında yemək lazımdır. Limon və laym kimi sitrus meyvələrini isə yaz və yay aylarında da istifadə etmək olar.

Ananas

Ananasın 86 faizi sudur. Kalium, maqnezium, C vitamini, folat və A vitamini ilə çox zəngindir.

Qaragilə

Tərkibi 84 faiz sudan ibarətdir. Kalium, A vitamini, K vitamini və fosforla zəngindir.

Manqo

Bu meyvənin 83 faizi sudur. Kalium, A vitamini, beta-karotin və C vitamini ilə çox zəngindir.