Aztəminatlı insanlarla bağlı MÜHÜM AÇIQLAMA
    • 3-05-2024, 19:36
    • 545

Aztəminatlı insanlarla bağlı MÜHÜM AÇIQLAMA

Son 5 ildə Azərbaycanda minimum pensiya 2.5 dəfə artıb, orta pensiya 2.4 dəfə artıb və ən hassas kateqoriyadan olan insanlarımız, sosial müavinət alan, əlilliyi olan insanlarımız, çox uşaqlı ailələr, yaşa görə müavinət alan insanlarımızın ödənişləri isə 5 dəfə artıb. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda deyib.

Nazir bildirib ki, bu artımların dinamikası göstərir ki, ölkəmizdə həyata keçirilən islahatların əsas istiqaməti məhz aztəminatlı, azgəlirli, sosial cəhətdən həssas insanların gəlirlərinin artırılmasıdır.

“Əgər Azərbaycan dövləti 2018-ci ildə sosial müavinət və təqaüdlərə 300 milyon manat vəsait xərcləmişdisə, artıq bu rəqəm ötən il 1.9 milyard manata çatıb. 5 dəfədən çox artım olub. Bunun özü də dövlətimizin sosial yönümlü siyasətinin bariz göstəricisidir.

Təkcə bu ilin birinci rübündə müavinət və pensiya, ünvanlı yardım proqramları vasitəsilə vətəndaşlarımıza 2 milyard 183 milyon manat vəsait ödənilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 12 faiz və ya 224 milyon manat çoxdur”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkil olunacaq.//modern