-
- 5-05-2024, 16:41
- 542
“Hazırlıq gedir, tapşırıq var”
Sosial şəbəkələrin Azərbaycan seqmentində bir çox istifadəçi ya özünün, ya da yaxınlarının təlimlər üçün orduya çağırıldığına dair paylaşımlar edir. Söhbət mülki şəxslərdən gedir. Bəzi ekspertlər də bu tipli çağırışların normal olduğunu və təlim məqsədi olduğunu deyir.
Bəs reallıq nədən ibarətdir? Təlimlərin məqsədi nədir?
News24.az bildirir ki, Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununa uyğun olaraq, hərbi vəzifəlilər, ehtiyatda olduğu dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilər:
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının qərarı ilə hərbi vəzifəlilər hərbi təlim və xüsusi toplanışlarda qanunla müəyyən edilmiş müddətdən əlavə olaraq üç ayadək saxlanıla bilərlər.
Birinci dərəcəli əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaşa, kiçik zabitlər 50 yaşa, mayor və polkovnik-leytenantlar 50 yaşa, polkovniklər 55 yaşa, ali zabitlər isə 60 yaşa qədər hər dəfə iki ay müddət olmaqla 5 dəfə, ildə bir dəfədən çox olmayaraq hərbi toplanışlara çağırıla bilər.
İkinci dərəcəli ehtiyatda olanlar əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 50 yaşa hər dəfə iki ay müddətinə olmaqla 3 dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq çağırıla bilərlər.
Üçüncü dərəcəli ehtiyatda olanlar Əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 50 yaşadək kiçik zabitlər, mayor və polkovnik-leytenantlar 55 yaşadək, polkovniklər 60 yaş, ali zabitlər isə 65 yaşa qədər bir ay müddətində bir dəfə ehtiyatda olduğu müddətdə hərbi toplanışlara çağırıla bilərlər”.
Ekspert bildirib ki, hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günlük hərbi yoxlama toplanışlarına da çağırıla bilər:
“2024-cü il üçün Müdafiə Nazirliyinin döyüş hazırlıq planına əsasən bir neçə hərbi hissədə hərbi vəzifəlilərin may ayının 1-dən növbəti təlim toplanışı davam edir. Bu toplanışlar zamanı ehtiyatda olan hərbi vəzifəlilərin döyüş hazırlıq səviyyəsinin artırılması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək. Onlar döyüş vərdişlərini hərbi ixtisas və təcrübələrini təkmilləşdirmək imkanı əldə edəcəklər, eyni zamanda da ordumuzun əldə etdiyi müasir silah və hərbi texnikalarının istismar qaydalarını mənimsəyəcəklər”.
Ə.Verdiyevin sözlərinə görə, təlimlərə cəlb olunan hərbi vəzifəlilərin iş yeri və ödənişləri saxlanılacaq, əlavə olaraq onların hərbidə, təlimdə olduğu müddət üçün qanunla müəyyən edilmiş vəsait ödəniləcək.