Qurban Qurbanovdan YENİ REKORD:
    • 5-05-2019, 21:49
    • 1 161

Qurban Qurbanovdan YENİ REKORD: "Daim yanlarında oldum"

“Futbolçuları təbrik edirəm. Çox çətin mövsüm oldu". News24.az ONA-ya istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. 

Ağdam təmsilçisinin çalışdırıcısı ardıcıl 6-cı Azərbaycan çempionluqlarını şərh edib: "Sona 3 tur qalmış 1-ci yeri ələ keçirdik. Halbuki mövsümboyu ikinci pillədə idik. Bugünkü matçda isə gərginlik daha çox idi. Futbolçular çox istəkli və gərgin idilər. Mövsümü çempion kimi başa vurduğumuz üçün sevincliyəm. Rəhbərliyi, futbolçuları və azarkeşləri təbrik edirəm. Oyunçularımın bu mövsümdəki çıxışından tam razı qaldım. Daim yanlarında oldum. Onların nə cür məsuliyyətli olduqlarını, əziyyət çəkdiklərini görürdüm. Komandada xeyli dəyişikliklər oldu. Buna baxmayaraq, hamı toparlandı, təcrübə və istəyindən yararlana bildi”.

Qeyd edək ki, "Qarabağ" "Səbail"ə 4:0 hesabı ilə qalib gəlməklə, Topaz Premyer Liqasının başa çatmasına 1 tur qalmış qızıl medalları rəsmiləşdirib. 

O da bildirilib ki, tarixində 7-ci, ardıcıl 6-cı dəfə futbol üzrə Azərbaycan çempionu olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni rekorda imza atıb.47 yaşlı mütəxəssis baş məşqçi kimi 6-cı dəfə qızıl medallara sahib çıxıb.

O, bu göstəricidə mütləq rekord vurub. 2013/14, 2014/15, 2015/16, 2016/17 və 2017/18 mövsümlərində də “Qarabağ”ı çempionluğa daşıyan Q.Qurbanov Ağasəlim Mircavadovu arxada qoyub.

Sonuncu “Qarabağ” (1993), “Şəmkir” (1999/2000, 2000/01), “Neftçi” (2004/05) və “Xəzər Lənkəran”la (2006/07) ümumilikdə 5 dəfə Azərbaycan çempionu adını qazanıb.

Qeyd edək ki, ümumilikdə 10 baş məşqçi bu vəzifədə qızıl medallar qazanıb. Liderlərdən başqa Kazbek Tuayev (4), Mehman Allahverdiyev və Böyükağa Hacıyev (hərəsi 3) bir dəfədən artıq çempionluq yaşayıb. Kaxaber Sxadadze, Valentin Xodukin, Əhməd Ələsgərov, Qyoko Hacıyevski və Arif Əsədovun isə çempionatda bir titulu var.