-
- 11-05-2024, 23:50
- 635
Dollar və avro ilə bağlı SENSASİON AÇIQLAMA
Dollar və avro öz aktuallığını itirir, yoxsa həqiqət fərqlidir? İqtisadçılardan vacib proqnozlar və fikirlər. Dollar və avro haqqında mütaliələr.
“İndi nə dollar, nə də avro heç kimə lazım deyil. Bu artıq təkcə Belarus və Rusiyada deyil, bu, bir çox ölkədə belədir”.
Bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Görəsən, reallıq necədir? Dollar və avro öz aktuallığını itirir, yoxsa həqiqət fərqlidir?
News24.az xəbər verir ki, Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Deputat, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, hazırda həm dollar, həm də avro dünyada ən çox istifadə edilən valyutalardandır:
“Bütövlükdə dünya üzrə yığımların 65 faizə yaxını dolların payına düşür. Avro ilə yığımlar 20 faiz təşkil edir. Bu, ondan xəbər verir ki, hər iki valyuta yığımlar baxımından dünyada ən çox müraciət edilənlərdəndir. Dollar növbəti dövrlər üçün də yığım valyutası kimi və eyni zamanda xarici ticarətdə öz rolunu qoruyub saxlayacaq. Baxmayaraq ki, dolların dövriyyədə zəifləyəcəyi ilə bağlı fikirlər var idi.
Amma bunlar ABŞ pulunun zəifləməsinə gətirib çıxarmadı. Praktiki olaraq dolların bu kontekstdə kəskin zəifləyəcəyi də gözlənilmir. Ona görə də proqnozumuz və gözlənti ondan ibarətdir ki, ABŞ dolları və avro növbəti dövrlərdə aparıcı valyuta funskiyasını qoruyacaq. İnkişaf etməkdə olan və inkişaf edən ölkələrin dollara tələbində isə artım müşahidə edilir”.
İqtisadçı Rəşad Həsənovun isə sözügedən məsələyə münasibəti belə olub:
“Faktiki olaraq dünyanın ən dönərli valyutası avro, dollar və funt sterlinqdir. Bunlar oyun qaydalarına görə dəyişilməyib. Bu baxımdan Belarus prezidentinin açıqlamasının heç bir iqtisadi əsaslandırması yoxdur. Söhbət dolların, avronun, funtun rəngindən, dizaynından getmir. İnsanlar bu amillərə görə həmin pul vahidlərinə etibar etmirlər. Ona görə etibar edirlər ki, bu valyutaların arxasında sistemli iqtisadiyyat və institusional strukturlar dayanır.
Tramp hakimiyyəti dövründə ucuz dollar siyasətini həyata keçirməyə çalışırdı. Dolları ucuzlaşdırmaq üçün davamlı olaraq Federal Ehtiyat Sisteminə (ing. Federal Reserve System) təsir göstərmək istəyirdi. Dolların müstəqilliyi Trampın təzyiqlərinə davam gətirə bildi. Dünya bunları bilir.
Buna görə də investorlar öz vəsaitlərini bu valyutalarda saxlayırlar. Görünən ondan ibarətdir ki, ABŞ dolları və avro müəyyən mənada öz çəkilərini genişləndirirlər. Xüsusilə, son 20 il ərzində avronun qlobal ticarətdə payı davamlı olaraq artıb”.