"Bu qurumlar ləğv edilməlidir" - İlham Əliyev
    • 14-05-2024, 12:16
    • 248

"Bu qurumlar ləğv edilməlidir" - İlham Əliyev

ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır.

News24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməmişdir. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlətimizin başçısı qeyd edib ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.