-
- 15-05-2024, 20:47
- 273
"Qohumları yad etmək vacibdir, indi onları blok edirlər" - Dinşünasdan açıqlama
Son dövrlərdə insanların qohumlarla əlaqələri əhəmiyyətli dərəcədə azalıb. Müşahidələr bunu deməyə əsas verir ki, artıq qohumlar bir-birinin evinə əvvəlki kimi tez-tez getmir, hal-əhval tutmur. Cəmiyyətdə bir qisim bunu hansısa sosial problemlərlə, bəziləri isə texnoloji inkişafla əlaqələndirir.
Bununla belə, müasir dövrdə qohumlarla gec-gec görüşdükdə insanlaməyin insanları daha bir-birindən uzaq durmasını dəstəkləyənlər də var. Bu cür əlaqələrin daha sağlam və daha hörmətli olması barədə də fikirlər səsləndirilir.
News24.az bildirir ki, mövzu ilə bağlı Ölkə.Az-a danışan dinşünas Fərid Abdullah deyib qohumları yad etmək vacib əməldir.
"Buna dində "sileyi-rəhm" (qohumları yad etmək) deyilir. Burada həm qan bağı olan qohumlarla, həm də insanın əqidə baxımından özünə yaxın hiss etdiyi, mənəvi cəhətdən bacı-qardaş olanlarla əlaqələri möhkəmlətməkdən söhbət gedir.
Ümumiyyətlə, insan qohumluq əlaqələrini möhkəmlətməsi, dində ən çox təkid olunan əməllərdən biridir. Bura hətta sizdən üz çevirən adamlarla əlaqə yaratmaq da daxildir.
Dinimizdə deyilir ki, qohumluq əlaqələrinin qoruması insanın ömrünü uzada, xeyir-bərəkət gətirəcək əməldir.
Biz qohumlarla əlaqə saxlayan böyüklərimizin də nə qədər uzunömürlü və rəngarəng həyat yaşadığını görmüşük. İndi təəssüf ki, qohumluq əlaqələri kəsilir. Məsələn, sosial şəbəkələrdə bir çox adamlar, daha çox da qızlar deyirlər ki, qohumlarımızı blok etmişik. Ancaq qohumları qınayacaq fikirlər səsləndirilir.
Son dövrlərdə nə üçün insanlar öz qohumlarından giley-güzar edirlər? Əlbəttə, bəziləri deyir ki, bunun səbəblərindən biri müasir texnoloji vasitələrdir.
Eləcə vatsapla görüntülü zəng gəlir, "salam, necəsən, ay mama/ay ata". Vəssalam. İnsanlar sanki süni şəkildə bu ehtiyaclarını qarşılamış olurlar.
Din deyir ki, əgər səni Allaha şərik qoşmağa, günah etməyə dəvət etsələr, sən də onların bu fikri ilə razı olmadığını bildirməlisən", - o bildirib.
F.Abdullahın sözlərinə görə, zəruri səbəb olmadan qohumluq əlaqələrinin kəsilməsi doğru deyil:
"Müasir dövrdə insanların bir-birilə əlaqələrini hansı səbəbdən kəsməsinə baxsaq, görəcəyik ki, ortada elə bir şey yoxdur. Sadəcə çoxu dəstək istəyir, "mənə dəstək olmadırlar" deyir və ya kiminsə tənqidini qəbul etmirlər.
Din baxımından qohumluq əlaqələrinin qorunub saxlanılması vacib əməldir. Əgər bu əlaqələr kəsilirsə, insanlar sorğu-sual olunacaq.
İndi bölgələrdə də görürük ki, kimsə xəstələnir, yatağa düşür, amma qohumları heç bir zəruri səbəb olmadan ona baş çəkmir. Sadəcə, deyir, vaxtım, həvəsim, halım yoxdur. İnsan öləndən sonra isə xala xətri qalmasın deyə gəlirlər ki, Allah rəhmət eləsin.
Belə məsələlərdə Allah mərkəzli olmaq fayda verər. Yəni mən bunu Allaha xatir edirəm. Lakin qohumlar deyirlər ki, məndən xatir olsunlar, mənə dəstək olsunlar, mənimlə maraqlansınlar. Mən, mən, mən... Bəs sən kimə nə edirsən? Görürük ki, "mən, mən" deyən qohum-əqraba özü heç hərəkət etmir. Deyirlər, mən böyüyəm, qoy, ayağıma gəlsinlər. O qədər ata-analar var ki, soyuq övladlarını hər gün 5 dəfə zəng edib soruşurlar.
Onda valideyn də övladına zəng eləməsin ki, mən böyüyəm, zəng etməyim, cəhənnəm olsun".
Dinşünasın fikrincə, qohumlar arasında münasibətlərin soyumasının əsas səbəbi insanların problemləri həll etmək əvəzinə ondan qaçmasıdır:
"Çünki insan problemi həll etməyə yox, ondan qaçmağa, yaxud da problem yaratmağa çalışır. Dövrümüzdə problemi həll edəcək insanlarımız azdır. Ciddi arqument yoxdursa, əlaqələri kəsmək, problem yaranır deyə görüşməmək düzgün deyil".