“Qatil tək olmayıb” – Kriminalist
    • 16-05-2024, 13:01
    • 293

“Qatil tək olmayıb” – Kriminalist

Müsavat Partiyasının üzvü Natiq Mehdinin qətli müzakirələrə səbəb olub. Öldürüldükdən sonra onun basdırılmasında başqalarının da iştirak etdiyi istisna olunmur.

Baş verən cinayəti bilib gizlədən və ya kömək edən şəxslər məsuliyyətə cəlb olunmalıdırmı?

News24.az bildirir ki, mövzunu Globalinfo.az-a şərh edən kriminalist Ceyhun Həmidov deyib ki, adətən kiminsə öldürüldükdən sonra basdırılması halı bir nəfər tərəfindən həyata keçirilmir. Onun sözlərinə görə, hər zaman qətli törədən insana bu işdə kənardan kömək edən olur:

“Kimisə qətlə yetirdikdən sonra onu tək aparıb basdırmaq demək olar, mümkün olmur. Bu iş 95 faiz qrup halında həyata keçirilir. Biri ayağından, digəri qolundan tutub basdırır. Əksər halda köməkçi mütləq olur”.

Vəkil Mehman Muradlı deyib ki, əgər qətli törədən şəxsə yardım olunduğu sübuta yetirilərsə, digər şəxs də məsuliyyətə cəlb olunacaq:

“Belə hallarda cinayətkara yardım edən şəxs faktiki olaraq iştirakçı qismində gedir. Həm də ağır cinayəti bilib gizlətmək məsuliyyət yaradır. Qətli törədən adama köməklik göstərən şəxs və ya şəxslər mütləq məsuliyyətə cəlb olunacaq. Faktiki olaraq onlar ölüm izini itirirlər. Şəxsən mən müstəntiq olsam, hadisəni törədənə də, ona kömək edənə də eyni cəzanı tətbiq edərdim”.

Qeyd edək ki, Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi məktəb direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri), fiziki idman müəllimi Elsevər İslamov tərəfindən qətlə yetirilib.