-
- 27-05-2024, 20:51
- 340
Bakıda DƏHŞƏTLİ QƏTL: Qardaş bacısını öldürdü
Bakının Binəqədi rayonunda bacısını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Həsən Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə baxılır.
İttihama görə, Həsən Kərimov ötən il oktyabrın 12-də saat 22:30-dü anası və bacısı ilə yaşadıqları Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən evdə olduğu zaman şəxsi münasibətlər zəminində mütəmadi mübahisələr etdiyi bacısı İlahə Kərimova növbəti günlərdə Ağcabədi rayonunda baş tutacaq toy məclisinə getməsi ilə əlaqədar mobil telefonla danışan anaları Brilyant İmanovaya qarşı təhqiramiz sözlər işlədib və bildirib ki, məclisdə o, iştirak etməyəcək.
İlahə anası ilə mübahisə edərək onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər yetirib.
Həsən Kərimov bu məqamda bacısı İlahəyə yaxınlaşıb, irad bildirərək onun sakitləşməsini tələb edib.
İttiham aktında göstərilib ki, İlahə Kərimova sakitləşmək əvəzinə, əksinə, qardaşının ünvanına da təhqiredici söyüşlər söyməklə ona yumruq və təpik zərbələri vurub, əli ilə sifətini cırmaqlayıb, onun alt dodağına, çənə, boyun, ənsə, döş qəfəsi nahiyələrinə xəsarətlər yetirib.
Təqsirləndirlilən şəxs bacısı İlahə Kərimovanın bu hərəkətlərindən qəzəblənərək mübahisə edib və onu öldürmək qərarına gəlib.
O, bacısını yataq otağına salaraq yumruq-təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurub, başını döşəməyə çırpıb.
İlahə Kərimovanın ölmədiyini görüb, niyyətini başa çatdırmaq məqsədilə digər yataq otağına keçərək orada yerləşən paltar şkafından xaki rəngli idman çantası kəmərini götürüb, yenidən İlahə Kərimovanın olduğu otağa qayıdıb.
Bu anda İlahə qardaşının otağa daxil olmasının qarşısını almaq üçün qapını örtməyə çalışsa da, qardaşı onun müqavimətini sındırıb, otağa daxil olub.
Həsən anasının yalvarışlarına məhəl qoymayaraq, onun gözləri qarşısında idman çantası kəmərini bacısının boynuna dolayıb, 3-4 dəqiqə fasiləsiz sıxaraq özünə doğru dartıb və onu xüsusi amansızlıqla onu öldürüb.
Həsən Kərimova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü təqsirli bilib.