-
- 31-05-2024, 12:56
- 3 384
Azərbaycanda əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR: İki rəqəmli ARTIM OLACAQ
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır. Bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb. Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.
Ölkədə minimum əməkhaqqının artırılması son zamanlar ən çox müzakirə olunan mövzulardan biridir. Minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Nəzərə almalıyıq ki, son 5 ildə minimum əməkhaqqı təxminən 2,7 dəfə artırılaraq 345 manata qədər yüksəlib.
Proseslərin getdiyi vaxtda Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum maaşla əvəz edilə biləcəyi bildirildi. Əmək Məcəlləsinə görə, hazırda Azərbaycanda minimum əməkhaqqı aylıq müəyyən edilir və bir ay çalışan işçiyə 345 manatdan az maaş vermək olmaz. Lakin yeni sistemdə hesablama fərqli aparılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycanda aylıq minimum əmək haqqının saatlıq minimum əmək haqqı ilə əvəzlənməsi ilə bağlı təkliflər üzərində çalışır.
Bəs Azərbaycanda minimum əməkhaqqı nə qədər artırılacaq?
Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli News24.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilə biləcəyi üçün tam olaraq hər hansısa bir rəqəm demək çətindir:
“Əslində bu ən çox müzakirə olunan məsələlərdən biridir. Çünki biz bilirik ki, Azərbaycanda minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin yanvarında artırılıb. Sadəcə problem bundadır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saat hesabı minimum əməkhaqqına keçidlə bağlı bir açıqlama verib. Bunun necə və hansı formada hesablanacağı tam olaraq bilinmir. Eyni zamanda minimum əməkhaqqının uzun müddətdir artırılmaması ciddi suallar yaradır və əhalidə də gözləntilər var ki, bu artırılacaq. Əslində hətta burada iki rəqəmli artımdan söhbət getməlidir”.
İqtisadçı qeyd edib ki, minimum əməkhaqqının artırılması gözləniləndir və noyabr ayında da bununla bağlı qərar veriləcək. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər noyabrın 1-ə qədər hazırlanıb təqdim ediləcək: “İndiki 345 manatı həftənin 6 gününə və 8 saatlıq iş rejiminə bölsək, bu saat hesabı 1 manat 79 qəpik edir. Bu kifayət qədər aşağı göstəricidir və belə olacağını da düşünmürəm. Amma bunun necə olacağı barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi heç bir rəsmi məlumat verməyib”.
Aqil Qarayev