-
- 31-05-2024, 18:11
- 218
“Nicat Lənkəranski”ni öldürmək istəyənlərə ağır cəza - FOTO
Bakının mərkəzində silahlı insident törətməkdə ittiham olunan Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.
News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Sədrlik edən hakim bilinməyən səbəbdən media nümayəndələrinin yarısına hökmü çəkməyə icazə verib, yarısına isə yox. Bildirib ki, yalnız televiziya telekanallarının əməkdaşları çəkiliş apara bilərlər.
Hökmə əsasən, müttəhimlərin hər biri ayrı-ayrılıqda qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah saxlama cinayətlərindən təqsirli bilinib. Şahmar İsmayılov 13 il 6 ay, Vüqar Quliyev 12 il 6 ay, Ramal Məmmədov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən əvvəl silahdan atəş açan Şahmar İsmayılov son söz deyib. O, prokurorun tələb etdiyi 14 il həbs cəzasının həddən çox ağır olduğunu deyib. Əlavə edib ki, onun əməlində xüsusi amansızlıq olmayıb:
"Düzdür, biz şəhərin mərkəzində silahlı insident törətməklə səhv eləmişik. Amma burada xüsusi amansızlıq yoxdur. İndi bizim 14 il içəri göndərilməyimiz tələb olunur. Biz orada əhlilləşməyəcəyik. Mən 40 yaşımda həbsdən çıxandan sonra necə islah olacağam, həyatımı necə quracağam? Zərərçəkmişlərin də şikayətçi olmamasını əsas götürərək ədalətli hökm çıxarılmasını xahiş edirəm".
Vüqar Quliyev və Ramal Məmmədov da ittihamçının cəza tələbi ilə razılaşmayıb. Quliyev ümumiyyətlə silaha əlinin dəymədiyini, Şahmar isə hadisə vaxtı evdə olduğunu deyib. Onlar da məhkəmədən ədalətli qərar çıxarılmasını istəyiblər.
Qeyd edək ki, hadisə ötən ilin martında Nəsimi rayonunun Səməd Vurğun küçəsində baş verib.
İttihamda deyilir ki, təqsirləndirilən şəxslər aldıqları sifarişlə "Nicat Lənkəranski" kimi tanınan Nicat Əkbərovu öldürmək istəyiblər. Lakin Nicat güllədən yayına bilib. Güllə yolla keçən Tamerlan Hüseynov və Fəqan Rəhimliyə dəyib. Hər iki şəxs xəsarət alıb.
Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan istintaqla cinayətin törədilməsində iştirak edən şəxslərin hər biri müəyyən edilib. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə təqsirləndirilən şəxslərin hər biri haqda həbs qətimkan tədbiri seçilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 228.2.1 (qanunsuz olaraq odlu silah əldə etmə) və digər maddələri ilə yekun ittiham verilib.