Görkəmli kino xadimlərinin xatirəsi yad olundu - FOTOLAR
    • 2-08-2018, 13:00
    • 2 056

Görkəmli kino xadimlərinin xatirəsi yad olundu - FOTOLAR

 C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi 2 avqust - Milli kino günü ilə əlaqədar Yasamal qəbiristanlığında professional təhsil almış ilk Azərbaycan rejissorlarından Səməd Mərdanovun məzarını ziyarət etdi.

Əməkdar incəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadə rejissorun həyat və yaradıcılığı haqqında danışaraq diqqətə çatdırdı ki, cəmi 30 il ömür yaşamasına baxmayaraq, Səməd Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir göstərib. O, ilk sovet kinokomediyalarından olan "Mavi dənizin sahilində” filminin rejissoru olub.

Daha sonra kollektiv I Fəxri xiyabana gələrək milli kinomuzun inkişafında mühüm xidmətləri olan görkəmli sənət adamlarının məzarlarını ziyarət etdi. Burada Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Əjdər İbrahimov, Rəşid Behbudov, Mustafa Mərdanov, Cəfər Cabbarlı, Ələsgər Ələkbərov, Nəsibə Zeynalova, Maqsud İbrahimbəyov, Məmməd Qurbanov, Leyla Bədirbəyli, İsa Hüseynov, Müslüm Maqomayev, Cahangir Cahangirov, Bəşir Səfəroğlu və digər sənətkarların məzarları üzərinə tər çiçəklər düzüldü.

“Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov çıxış edərək bildirdi ki, Azərbaycan kinosunun 120 illik yubileyi ərəfəsində milli kinomuzun inkişafında xidmətləri olan insanları yad etmək həm də onları gənc nəslə tanıtmaqdır.

Mərasimdə Xalq artistləri Rasim Balayev, Şamil Süleymanlı, Əməkdar artistlər Elxan Qasımov, Ənvər Həsənov mərhum sənətkarların yaradıcılığından söz açdılar, xatirələrini bölüşdülər. Çıxışlarda qeyd edildi ki, Azərbaycan kinosu böyük tarixə malikdir və ötən dövr ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid maraqlı filmlər çəkilib. Bu filmlər ölkəmizdə, keçmiş sovetlər məkanında və eləcə də ittifaqın sərhədlərindən kənarda nümayiş olunub, rəğbətlə qarşılanıb. Bu Azərbaycan kinematoqrafiyası dünya kino sənətinin ayrılmaz hissəsidir.

Vurğulandı ki, ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. O da bildirildi ki, Prezidentin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bu sahənin inkişafı istiqamətində mühüm işlər görülüb.
***
Əlamətdar gün münasibətilə ölkəmizin kino ictimaiyyətinin nümayəndələri tərəfindən II Fəxri xiyabanda uyuyan kino xadimlərinin də məzarları ziyarət olundu.

Anım mərasimində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, eləcə də “Salnamə”, “Yaddaş”, “Debüt”, “Mozalan” studiyaları və Nizami Kino Mərkəzinin əməkdaşları iştirak edirdi.

Mərasim iştirakçıları Ağasadıq Gəraybəyli, Adil İsgəndərov, Rasim Ocaqov, Həsən Məmmədov, Siyavuş Aslan, Hacıbaba Bağırov, Yaşar Nuri, Məlik Dadaşov, Nəcibə Məlikova, Məmməd Əlili, Əliabbas Qədirov və digər görkəmli kino xadimlərinin məzarlarını ziyarət etdilər. Məzarların önünə tər güllər düzüldü. Korifey sənətkarların Azərbaycan kino sənətinin inkişafında misilsiz xidmətləri xatırlandı. Onların yaratdığı filmlərin, obrazların indi də hər bir azərbaycanlı ailəsində sevə-sevə izlənildiyi vurğulandı.

***
Nəzərinizə çatdırırıq ki, avqustun 2-də saat 18:00-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Milli kino günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2018-ci il tarixli 3616 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə tərtib olunmuş Tədbirlər Planına uyğun olaraq təşkil edilən mərasimdə rejissor Yavər Rzayevin milli kinomuzun tarixi və keçdiyi zəngin inkişaf yolundan bəhs edən sənədli film nümayiş etdiriləcək.

Eyni zamanda mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak edəcəyi mərasimdə bir qrup kino xadiminin mükafatlandırılması nəzərdə tutulmuşdur.