Bakı ətrafında bu evlərə tələbat kəskin azaldı - Buna görə imiş...
    • 8-06-2024, 18:54
    • 274

Bakı ətrafında bu evlərə tələbat kəskin azaldı - Buna görə imiş...

Yay fəslinin gəlişi ilə vətəndaşların bir çoxu istirahət üçün müəyyən yerlərə üz tutmağa başlayıb. Xüsusən, Bakı ətrafında yerləşən dənizkənarı qəsəbə və kəndlərə. Bu aylardan etibarən Bilgəh, Novxanı, Mərdəkan kimi qəsəbələrdə olan bağ evləri vətəndaşlara günlük kirayə qiymətləri ilə təqdim olunur. 

Hazırda istirahət üçün nəzərdə tutulan bağ evləri ilə bağlı kirayə və satış bazarında vəziyyət necədir? 

News24.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, paytaxtdan kənar qəsəbələrdəki bağ evlərinə tələbat ümumiyyətlə azalıb:

“Adətən, bu mövsümdə həm torpaq sahələrinə, həm də bağ evlərinə tələbat artır. Təbii ki, tələbat artdıqca qiymətlər də qalxır. Amma ötən illərlə müqayisədə, bu il tələbat azdır. Səbəb budur ki, artıq bağ evi almaq istəyənlər daha çox bölgələrə, Azərbaycanın turistik zonalarına üz tuturlar. Çünki Bakıətrafı, dənizə yaxın həm torpaq sahələri qalmayıb, həm də hazır bağ evləri çox bahadır. İstirahət üçün nəzərdə tutulan məkanlarda dənizə çıxışın özü belə demək olar ki, məhdudlaşıb”.

Ekspertin fikrincə, istirahət üçün bölgələrdən ev almaq və ya kirayə götürmək vətəndaşlar üçün daha sərfəlidir:

“Digər tərəfdən, regionlarda bağ evi alanlar yayda özləri istirahət edir, digər vaxtlarda həmin evləri kirayə verib pul qazanırlar. Bağ evlərində satış qiymətləri hazırda ərazisinə görə dəyişərək, təqribi 250 mindən başlayaraq, bir neçə milyon manata qədər dəyişə bilir. Bu onun həyətyanı sahəsindən, evin tikintisindən və yerləşdiyi məkandan asılıdır. 

Bakıətrafı ərazilərdə bağ evlərinin gündəlik kirayə qiymətləri minimal olaraq gündəlik 50 manatdan başlayır. Regionlarda isə bu qiymət təxminən 50-300 manatdır”.