Qudalarına yüksək vəzifələr verən Zaur Mikayılov qanunu pozur? - FAKT
    • 11-06-2024, 15:45
    • 1 120

Qudalarına yüksək vəzifələr verən Zaur Mikayılov qanunu pozur? - FAKT

Ötən həftə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni Aparat rəhbəri təyin edilib. Manset.az saytının əldə etdiyi məlumata görə, agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun Aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib. Yeni təyin edilən aparat rəhbəri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır.

Bu xəbərin üzərindən bir neçə gün keçmədən daha bir yeni məlumat ortaya çıxdı ki, Zaur Mikayılov daha bir qudasını özünə müşavir təyin edib. Bu barədə məlumatı “Qafqazinfo” xəbər portal yaymışdı. Belə ki, o, qudası Şirinov Əsəd Əli oğlunu müşavir vəzifəsinə gətirib.

Beləliklə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bir qudası Fuad Quliyevi aparat rəhbəri, digər qudası Şrinov Əsəd Əli oğlunu isə müşavir vəzifəsinə təyin edib.  

2021-cü ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrin müşaviri vəzifəsində çalışan Zaur Mikayılov 2023-cü ildə bu dövlət qurumuna sədri təyin olunub. Z. Mikayılovun öz qudalarını çalışdığı qurumda öz yanında işə düzəltməsi gündəmin əsas müzakirə mövzularından biridir. 

Bəs Azərbaycanda eyni dövlət müəssisəsində yaxın qohumlar birlikdə çalışa bilərmi? Yüksək vəzifəli şəxs öz qohumlarını çalışdığı qurumda vəzifəyə təyin edə bilərmi?

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, "Konstitusiya” araşdırmalar fondunun rəhbəri Əliməmməd Nuriyev News24.az-a açıqlamasında qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğunu deyib:

“Korrupsiyaya qarşı Mübarizə haqqında qanunda bildirilir ki, qanunla müəyyən olunmuş qaydalar istisna olmaqla yaxın qohumların tabeliyində çalışması yol verilməzdir. Eyni zamanda bu məsələ “Əmək Məcəlləsində” də öz əksini tapmışdır. Sadəcə publik hüquqi şəxslərin hüquqi səviyyəsi fərqli olduğu üçün onlar bir çox şərtlərə əməl etmir. Çox təssüf ki, bir çox dövlət qurumlarında nepotizm hökm sürür. Bəzi şəxslər öz yaxın qohumlarını rəhbər vəzifəyə təyin edirlər. birbaşa onun nəzarətində olur, eyni zamanda onun fəaliyyətinə ümumi nəzarət həyatan keçirirlər”.

Əliməmməd Nuriyevin sözlərinə görə, publik hüquqi şəxslərə birbaşa qadağa qoyulmadığı üçün qanunvericilikdə olan bu boşluqdan sui-istifadə olunur: “Bəzi hallarda onlar kommersiya qurumları yaradıb, MMC-lər açırlar. O kommersiya qurumları həmin nazirliyin və publik hüquqi şəxsin tabeliyində olur. Lakin bu dövlət qulluğu olmadığı üçün onlar rəhbər vəzifələrə yaxın qohumlarını təyin edirlər. Bu geniş yayılıb və bununla bağlı ciddi tədbir görülməlidir”.

Hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində çalışan işçilər dövlər qulluqçusu sayılır və buna görə də, burada qanunvericiliyin tələbləri kobudcasına pozulub:

“Dövlət qulluğu haqqında qanunun 27.2.3-cü maddəsinə əsasən, bilvasitə tabeliyində və nəzarətində işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq əlaqəsi olduqda həmin şəxslər dövlət qulluğuna qəbul ola bilməzlər. Hətta burda qudanın müşavirliyi məsələsi var. Burada həm də Korrupsiyaya qarşı Mübarizə haqqında qanun da pozulub. Həmin qanunun 7-ci maddəsinə görə, yaxın qohumlarla birgə işləmək yolverilməzdir.”

Hüquqşünas əlavə edib ki, bu bir sıra hallarda maraqların toqquşmasına gətirib çıxarır və eyni zamanda korrupsiya faktı yaradır. Buna görə də hesab edirəm ki, həmin qurum rəhbərinin belə bir qərar imzalaması qanunsuzdur və daha yüksək vəizifəli şəxsin əmri ilə bu qərar ləğv olunmalıdır.

Qeyd edək ki, bu barədə məlumatlar  "Qafqazinfo" və "Manşet.az" saytları yaymışdı.

Aqil Qarayev