REKORD İSTİLƏR: Yüzlərlə insan öldü
    • 14-06-2024, 17:57
    • 346

REKORD İSTİLƏR: Yüzlərlə insan öldü

Şiddətli iqlim böhranı ilə birlikdə artan temperatur may ayında rekord qırıb. Temperaturun artması ilə bir çox ölkədə ölümlər olub. Mütəxəssislər temperaturun yüksəldiyi bölgələrdə ölüm hallarının artacağı ilə bağlı xəbərdarlıq edirlər.

News24.az xəbər verir ki, mart ayının sonundan etibarən Afrikanın Sahel və qərb bölgələrində yüksək temperaturlar təsirli olmağa başlayıb.

Malidə termometrlər aprelin 3-də 42,5 dərəcə göstərdiyi halda, paytaxt Bamakodakı Qabriel-Ture Xəstəxanası rəsmiləri aprelin ilk 4 günündə 102 nəfərin anormal şəkildə həyatını itirdiyini açıqlayıb.

Səlahiyyətlilər həyatını itirənlərin yarısının 60 yaşdan yuxarı insanlar olduğunu və ölümlərdə həddindən artıq istilərin rol oynaya biləcəyini açıqlayıb.

Eyni zamanda, Banqladeşdə may ayının əvvəlində baş verən istilər nəticəsində azı 15 nəfər ölüb, bir çox təhsil müəssisəsi bağlanıb. 

Mayın 29-da 52,9 dərəcə ilə Hindistanın paytaxtı Yeni Dehlidə bütün zamanların ən yüksək temperaturu qeydə alınarkən, iyunun əvvəlində davam edən yüksək temperatur ölkə daxilində çoxlu sayda insanın ölümünə səbəb olub. Odişa ştatında 38, Uttar Pradeşdə 33, Biharda 6, Racastanda 12 nəfər həyatını itirib.

Günel Məlikzadə