Hikmət Hacıyev Brüsseldə İrəvanla münasibətləri müzakirə edib
    • 19-06-2024, 21:01
    • 370

Hikmət Hacıyev Brüsseldə İrəvanla münasibətləri müzakirə edib


Avropa İttifaqı və Azərbaycan tərəflər arasında Təhlükəsizlik Dialoqunun beşinci iclasının baş tutması ilə bağlı birgə bəyanat yayıb.

News24.az xəbər verir ki, bu gün yayılan birgə bəyanatda qeyd olunub ki, iyunun 13-də Brüsseldə Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun beşinci iclası keçirilib.

İclas çərçivəsində iştirakçılar Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran aktual xarici və təhlükəsizlik siyasəti məsələləri ətrafında açıq və səmimi fikir mübadiləsi aparıblar.

"İştirakçılar Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə, eləcə də daha geniş regional təhlükəsizlik məsələlərinə də toxunublar. Bu kontekstdə regional sabitliyin və davamlı əlaqənin gücləndirilməsinin vacibliyi qeyd edilib. Azərbaycan tərəfi Ermənistan və Azərbaycan arasında dialoqun ikitərəfli xarakterini vurğulayıb. Aİ regionda yaşayan bütün xalqların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqaz üçün sülh prosesinə davamlı dəstəyini vurğulayıb.

Azərbaycanın etibarlı və mühüm enerji tərəfdaşı kimi rolu və Orta Dəhlizin gələcək inkişafında əhəmiyyəti də qeyd olunub”.

Bundan başqa, Aİ-nin Azərbaycanda humanitar minatəmizləmə və mina qurbanlarına yardımla bağlı göstərdiyi dəstək yüksək qiymətləndirilib.

Bildirilib ki, Aİ Avropa Komandası Təşəbbüsü və digər proqramlar çərçivəsində Azərbaycanın minalarla mübarizə proqramına gələcək yardımlar davam etdiriləcək.

Azərbaycan tərəfi, həmçinin Avropa Sülh Fondu (AƏF) çərçivəsində Aİ ilə mümkün əməkdaşlığın araşdırılmasında maraqlı olduğunu bir daha bəyan edib.

Görüşün yekununda Aİ və Azərbaycan xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə müntəzəm mübadilələri davam etdirmək barədə razılığa gəliblər.

Həmçinin, Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində ikitərəfli əməkdaşlığın bütün müvafiq istiqamətləri üzrə mənalı işin vacibliyini vurğulayıblar.

İclasa Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora və Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev həmsədrlik edib.